“Ergenekon” işinə xitam verildi - “İSBAT ETMƏK MÜMKÜN OLMAYIB”

Türkiyədə ən ali məhkəmə instansiyası ölkənin “hərbi çevriliş cəhdində” günahlandırılan bir sıra yüksək rütbəli hərbçiləri də daxil “Ergenekon” işi üzrə keçən 275 ittihamlının işinə xitam verib.

Apelyasiya məhkəməsinin qərarında deyilir ki, “Ergenekon” adlandırılan qəsd şəbəkəsinin mövcudluğunu isbat etmək mümkün olmayıb. Sözü gedən zabitlər, jurnalistlər, hüquqşünaslar və alimlər 2013-cü ildə o zamankı baş nazir Rəcəb Tayyip Ərdoğanın hökumətini devirmək cəhdində təqsirli bilinmişdilər. Hazırkı məhkəmə qərarı təkrar mühakimə ilə nəticələnə bilər.


Türkiyənin müasir tarixində ən böyük məhkəmə işi olan “Ergenekon” Ərdoğanın İslam təmayüllü Ədalət və İnkişaf Partiyasındakı (AKP) tərəfdarlarının ölkənin dünyəvi hərbi kəsimi üzərində təntənəsi hesab edilirdi. Məhkəmə dinləmələri İstanbul kənarındakı Silivridə güclü təhlükəsizlik tədbirləri şəraitində keçirilirdi. Polis etirazçıları məhkəmə binasının yaxınlığına buraxmamaq üçün dəfələrlə gözyaşardıcı qazlardan istifadə etməli olmuşdu.

Müttəhimlərin arasında ən yüksək rütbəlisi ölkənin keçmiş baş hərbi komandanı İlker Başbuğ idi. Ona ömürlük həbs cəzası kəsilmişdi. Ondan başqa daha 16 nəfər ömürlük həbs cəzasına məhkum edilmişdi.
Apelyasiya məhkəməsi istintaqın qanunsuz aparılmasına dair bir sıra faktları bildirib. Bunların arasında qanunsuz izləmə və axtarışlar da var. Əslində Başbuğ barədə hökm 2014-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və o sərbəst buraxılmışdı. İlker Başbuğ 2008-2010-cu illər ərzində Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi olub.

Ergenekon şəbəkəsi hazırda Türkiyənin prezidenti olan Rəcəb Tayyib Ərdoğana qarşı 2003-2004-cü illərdə qəsd hazırlamaqda ittiham edilmişdi. Mühakimənin əsasında belə bir ittiham dayanırdı ki, guya xalq kütlələrini hökumətə qarşı ayağa qaldıracaq “dərin dövlət” mövcud olub. Lakin Ərdoğanın tənqidçiləri hələ o vaxt onu ölkənin dünyəvi dayaqlarını sarsıtmaqda ittiham edirdilər.

Türkiyənin Silahlı Qüvvələri 1960-cı ildən 1997-ci ilədək dörd hökuməti hakimiyyətdən kənarlaşdırmışdı. Bunlarda biri də 1997-ci ildə ləğv edilmiş Rifah Partiyası idi. Rifah Ərdoğanın hazırkı AKP partiyasının xələfi hesab edilir.

“Ergenekon” işi üzrə hökmdən beş il əvvəl aparılmış təhqiqatın nəticəsi olaraq Türkiyə ordusunun yüksək rütbəli zabitləri həbs edilmişdilər. Onlardan bəziləri ayrıca olaraq “Gürz” adlanan iş üzrə keçirdilər. (azadlig.org)






Fikirlər