11.03.2014. - “Ərgenekon”çular niyə azad olunur?
Sözügedən məhkəmə iddiası üzrə dünən buraxılanların sayı 13 nəfərə çatıb. Onların sırasında jurnalist Tuncay Özkan, Sedat Peker, İbrahim Şahin və yazıçı Yalçın Küçük, polkovnik Levent Göktaş, generallar Şener Eruyqur və İlker Başbuğ kimi adlar da var.
2007-ci ildə “Nokta” məcmuəsində dərc olunan bir məqalədə hərbçilərin dövlət çevirilişi etmək üçün “Ərgenokon” təşkilatı yaratdığı iddia edildi. Bu çərçivədə ilk həbslər 2008-ci ildən başlandı, onlarla yüksək çinli hərbçi və jurnalistlər həbs edildi.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Ərgenokon əməliyyatı" zamanı həbs edilənlərin azad olunmasını qanuna zidd hesab edib. Bu barədə AKP-dən olan millət vəkili Şamil Tayyar “Twitter” hesabında yazıb. Ş Tayyar bildirib ki, ədliyyə naziri ona zəng edib, azad olunmaların qanundan qaynaqlanmadığını bildirib: “Bir az sonra bununla bağlı Amasiyada açıqlama verəcəyini dedi”.
Qeyd edək ki, Ş. Tayyar ədliyyə nazirinin AKP-yə bununla bağlı açıqlama vermək borcunda olduğunu demişdi: “Ömürlük həbs cəzası almış ergenekonçuların azad olması hüquqi skandaldır. Belə yanaşsaq, ondan bütün həbs olunanların hamısı azad olunmalıdır”.
AKP-dən olan millət vəkili hesab edir ki, İlker Başbuğun azad olunması tələdir.
“Nə olacağını yaxın zamanda dərdindən hiss edəcəyik. Neokon (Gülən icmasına deyir-red) hirsi ağılımızı əlimizdən almamalıdır. Əgər Başbuğ bacarsaydı, AKP-ni bağlatdıracaqdı. Ərgenokon da olmasaydı, 2008-ci il 28 iyulda AKP bağlanacaqdı. AKP bağlansaydı prezident və baş nazirimiz bu gün Mursi kimi həbsxanada olacaqdı, heç kim də dərd yaşamazdı. Ona görə də iki yanlışdan- Neokon və Ergenekon-bir doğru çıxmaz”-deyə Ş. Tayyar bildirib.
Publika.Az –a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, ərgenekonçuların azad olunmasının məqsədləri ilə bağlı bir neçə versiya irəli sürmək olar.Politoloq bildirib ki, birinci versiya baş nazir Rəcəb Təyyib Ərdoğanın özü ilə bağlı ictimai rəyin müsbət istiqamətə dəyişmək istəyi ilə bağlıdır:
“Ərdoğan bu işi Konstitusiya Məhkəməsi vasitəsilə etməklə həm qanun çərçivəsində hərəkət edir, həm də ictimai rəyi qazanmağa çalışır. İkinci versiyam isə baş nazirin prezidentlə olan fikir ayrılıqları ilə bağlıdır. Bu məsələdə Ərdoğan ilə Abdulla Gül arasında əvvəlcədən fikir ayrılıqları olub. Prezident "Ərgenokon” və “Balyoz” adı altında aparılan əməliyyatları bütünlüklə qəbul etmirdi və hərbçilərə qarşı aparılan əməliyyatın əleyhinə idi. Konstitusiya Məhkəməsi də baş verənlərin Konstitusiyaya zidd olduğunu bəyan etmişdi”.
Q.Hüseynli hesab edir ki, ədliyyə nazirinin etirazı sözügedən iddialarla həbs olunan digərlərin azad olunmasına maneə olmaq məqsədi daşıyır. Amma politoloq bildirir ki, ədliyyə nazirinin iradlarının qəbulu heç bir halda mümkün deyil:“Konstitusiya Məhkəməsi ədalət instansiyasında son mərhələdir. Onun verdiyi qərarlar birmənalı şəkildə yerinə yetirilməlidir. Məhkumların buraxılıb-buraxılmaması ilə bağlı polemikalar genişləndikcə, baş nazir ilə prezident arasında qarşıdurma da güclənəcək”.
Q.Hüseynli bildirir ki, ərgenekonçuların azad olunmasında digər amillər də həlledici olub:“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi terror təşkilatı qurmaqda ittiham olunursa, PKK-nın üzvləri millət vəkili seçilərək parlamentdə oturursa, burada böyük ziddiyyət meydana çıxır. Necə olur ki, dağlarda PKK-nın tərkibində vuruşan, ayrı-ayrı şəhərlərdə terror aktları həyata keçirən şəxslər bağışlanır, amma Türkiyə ordusunun başında duran adam isə terror təşkilatı qurmaqda ittiham edilir? Hazırda Türkiyə cəmiyyəti görür ki, milyonları oğurlayan, rüşvət alan şəxslər azad olunub, amma dövlətdə asayişin qorunmasında əməyi olanlar ömürlük həbsə məhkum olunublar. Burada hüquqi nehilizm deyilən bir anlayış meydana çıxır. Konstitusiya Məhkəməsi də görünür, 17 dekabr əməliyyatında həbs olunanların azad olunmasını nəzərdə tutaraq, “Balyoz” və “Ərgenekon” iddiaları əsasında həbs olunanların azad edilməsinə qərar verib”.
Politoloqun fikrincə, bu proses 30 Mart bələdiyyə seçkilərində Ərdoğanın əlini gücləndirməyəcək:“Əksinə, azacıq siyasi təfəkkürü olan şəxslər hadisələri təhlil edərək görəcəklər ki, ölkəni qarışdıran baş nazirdir və baş nazir qeyri-məhdud səlahiyyətləri olan iqtidar qurub”.