Qabil Hüseynli: “Türkiyədəki əhval-ruhiyyə qısa müddətdə dəyişə bilər, əgər…”
-Türkiyədəki son həbslərdən sonra rəsmilər bildirdilər ki, bəzi qüvvələr ölkənin 2000-ci illərin əvvəllərinə qaytarmaq istəyirlər. Xarici qüvvələrə ünvanlanan bu ittiham Gəzi Parkı hadisələri zamanı da səsləndirilmişdi. “Sui-istifadə və rüşvət” əməliyyatında xarici amillər nə dərəcədə rol oynayıb?
-Ərdoğan belə bir fikri Konyadakı çıxışında söyləmişdi. Guya bəzi xarici qüvvələr Gəzi hadisələrində olduğu kimi Türkiyənin daxili işlərinə qarışır və ölkəni əvvəlki hökumətlər dövrünə qaytarmaq istəyirlər. Fikrimcə, burada çox güclü təbliğat, eyni zamanda xalqı müəyyən qədər keçmişin mənfi nüansları ilə qorxutmaq cəhdləri var. Ölkədə baş verən hadisələri gah İsrailin, gah da başqa xarici qüvvələrin adına yazırlar. Ancaq başqa biriləri deyir ki, bu hakimiyyət daxilində olan mafioz qüvvələrin işidir. Baş verənlərə isə diqqət yetirəndə görünür ki, o qədər də mürəkkəb olmayan sadə bir proses gedib. Prosesi xarici qüvvələrlə əlaqələndirmək demək olar ki, qeyri-mümkündür. Bu prosesdə detonator rolunu oynayan çox təəssüf ki, azərbaycanlıdır. Onun izlənilməsi isə neçə nazirə rüşvət verilməsi faktını ortaya çıxarıb. Göründüyü ki, bu təkcə azərbaycanlı ilə deyil, Türkiyə vətəndaşları ilə də bağlı olan bir hadisədir. İstanbulun bəzi polis rəisləri və maliyyə polisi birgə əməliyyat hazırlamaq qərarına gəliblər və bu əməliyyat barəsində İstanbul polisi də şifahi xəbərdar olunub. Amma bütövlükdə əməliyyatın detalları barədə ona məlumat verməyiblər. Əməliyyat çox böyük məxfilik şəraitində həyata keçirilib. Bunu da əməliyyatla bağlı detalların sızmaması üçün ediblər və buna görə də uğurlu alınıb. Nəticə etibarilə ortaya bütün dünyanın diqqətini cəlb edəcək faktlar ortaya çıxıb.
-Əməliyyatla bağlı baş nazir və daxili işlər nazirinə də məlumat verilməyib. Bu şəxslər əməliyaytla bağlı informasiyanı sızdıra bilərdimi?
-Daxili işlər nazirinə məlumat verilsəydi, ən böyük rüşvət alanlardan birini olan oğlunun evinə basqın etmək mümkün olmayacaqdı. Ərdoğana da ona görə deməyiblər ki, cəmi bir neçə ay bundan əvvəl qoymuş daxili işlər nazirinin oğlunun, yaxud digər nazirlərin rüşvətdə ittiham edilməsini istəməyəcəkdi. Ərdoğan bu əməliyaytın AKP-nin imicinə ciddi xələl gətirəcəyini düşünürərək əməliyyata razılıq verməzdi. İndiyə qədər insanların haqqının özünə qaytarıldığını, ölkəni rüşvətdən xilas olduğunu deyən baş nazirə müdhiş rüşvət olayları haqqında məlumat verilsəydi, o, əməliyyatın qarşısını dərhal alardı.
-Siz bu hadisələrdə xarici amilləri istisna etdiniz. Amma iki gün əvvəl “Yeni Şafak” qəzeti hadisələrdə İsrail kəşfiyyatı MOSSAD-ın olması iddiası ilə çıxış etdi. Hətta bəziləri Ərdoğana qarşı İsrail-Gülən əməkdaşlığından da danışırlar….
-Bu, cəfəngiyatdan başqa bir şey deyil. MOSSAD Türkiyənin içinə o qədər sızdı ki, dörd polis rəisi, o cümlədən Ankara və İstanbul polisini koordinasiya etsin, yaxud da Fətullah Gülənlə əlaqə yaradaraq onun vasitəsilə bu əlaqələri təmin etsin. Mən buna inana bilmərəm. Gülən din adamıdır və islam din adamları ilə yəhudilərin əlaqələri o qədər də ürəkaçan deyil. Hətta fətullahçıların içində yəhudilərə və sionizmə qarşı tənqidi mövqe var. Ona görə də MOSSAD-ın bu hadisələrdə iştirakı ehtimalını demək olar ki, əsassız hesab edirəm. Həbs olunanlar təxminən bir ildir ki, izlənilir. Fətullah Gülənin belə bir təsir qüvvəsinə malik olacağını demək mənim üçün çox çətindir. Sadəcə olaraq hadisələri Ərdoğanın boşboğazlığından cana yığılan və onun adamlarının etdiyi hərəkətlərini görən adamların vətənpərvərlik hərəkəti kimi qiymətləndirirəm. Görürlər ki, Ərdoğanın adamları və qohumlarının hamısı rüşvət alırlar, bütün tenderlər və vəzifələr Ərdoğanın adamlarına verilir. Onlar əsl türk vətənpərvərləridir ki, bu işə girişiblər. Nazirlər kabineti və vilayətlərdəki kadr tərkibinə diqqət edin. Rizə şəhərinin yarısı Türkiyənin idarə edir. Yaxud da Qara dəniz bölgəsindən olanlar ölkə iqtisadiyyatı və idarəçiliyin bütün həlqələrini əlində tutublar.
-Söhbət əgər vətənpərvərlikdən gedirsə, deyə bilərsinizmi ki, bu vətənpərvərlik özünü seçkilər öncəsi özünü niyə göstərdi?
-Bu hadisələrin başlanğıcını təxminən bir il əvvəl götürür. İzləmə prosesləri, video görüntülərinin alınması, izlənilən şəxslərin ətrafının müəyyənləşdirilməsi və sair. Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, burada müəyyən qədər tələskənliyə yol verilib. Yəni, bunun seçkilərlə heç bir bağlılığı yoxdur. Prosesi hələ bir müddət də davam etdirmək niyyətində olublar. Əməliyyat haqqında İstanbul polisinə məlumat verildikdə, o bunun mütləq daxili işlər nazirinə çatdırılmasının zəruriliyini bildirib. Bundan sonra isə əməliyyat qrupunun rəhbəri əməliyyatın dərhal başlanmasına göstəriş verib. İzləmə prosesi, videogörüntülərin əldə olunması prosesi bir neçə gün də davam edə bilərmiş. Seçkilər isə mart ayındadır. Əməliyyat sırf seçki ilə bağlı olsaydı, bunu ən azından yanvar-fevral aylarına saxlaya bilərdilər.
-Hadisələrin qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə təsirini necə qiymətləndirirsiniz?
-Bu istintaqın necə aparılacağından çox asılıdır. Əməliyyatı hazırlayan dörd polis rəisi, hətta vilayətlərdəki polis rəisləri sürətlə dəyişdirilməyə başlanılıbsa, istintaqın aparılması ilə əlavə prokurorlar ayrılıbsa və onlara Respublika Prokurorluğuna tabe olmayacaq status verilibsə, bu onu göstərir ki, istintaq heç də əvvəlcədən nəzərdə tutulduğu istiqamətdə getməyə bilər. Müəyyən adamları həbs etməklə, bəzilərini isə işdən çıxarmaqla ictimai rəyi öz xeyrinə dəyişdirə bilərlər. Ona görə də bu seçkilərdə Ərdoğan hökumətinin məğlub olacağı ilə bağlı fikir söyləmək hələ ki, çətindir. Buna görə də həm istintaqın nəticəsini, həm də ölkə müxalifətinin bu faktlardan AKP-ni nüfuzdan salmaq üçün necə istifadə edəcəyini gözləmək lazımdır. Müxalifətin bu işi bacaracağı barədə nikbin deyiləm.
-Ancaq müxalifətin Fətullah Gülən icmasının dəstəyindən yararlana biləcəyi barədə ehtimallar var və bu ehtimallar həddindən yüksək qiymətləndirilir…
-Belə bir dəstəyin MHP-yə veriləcəyini söyləmək çətindir. Çünki millətçi partiya olduğu üçün Gülən camaatı ilə əlaqələri həmişə pis olub. Gülənçilər millətçilik ideologiyasını qəbul etməyən və İslam ümmətçiliyini təbliğ edən bir icmadır. Amma CXP Gülən camaatı ilə əlaqə qura və əməkdaşlığa nail ola bilər. Amma bu istiqamətdə əldə ediləcək uğur da partiyanın özünün quracağı işlə birbaşa bağlıdır. Amma yeganə fakt olaraq kimi söyləyə bilərəm ki, Fətullah Gülən Ərdoğanın əleyhinədir. Onun gücü Türkiyədəki bir neçə partiyanın gücündən çoxdur. Gülən Ərdoğanın rəqibinin arxasında dayansa, Türkiyədəki əhval-ruhiyyə qısa müddətdə dəyişə bilər.