''ƏDALƏT'' - 26: Davam edən hekayət...

''Ədalət'' - 26: Davam edən hekayət...

Bu gün "Ədalət" qəzetinin nəşrə başlamasının 26-cı ildönümüdür.

Düz 26 il bundan öncə hələ müstəqillik qazanmamış ölkəmizin barmaqla sayılan mətbu orqanlarının sırasına yeni bir hüquq qəzeti daxil oldu, adını "Ədalət" qoydular. 
SSRİ-nin çökmək, sovet hakimiyyətinin iflas etmək üzrə olduğu bir dönəmdə ölkədə gedən haqq-ədalət davasına öz töhfəsini verən qəzetlərdən biri də "Ədalət" oldu. 
O zaman bir çoxları gözləyir və tez-tez deyirdilər ki, bu, "sonradan çıxan qəzetllər"in perspektivi yoxdur, bir gün hamısı bağlanacaq. Ancaq bu gözlənti doğrulmadı. "Sonradan çıxan qəzetlər"in bir çoxu doğrudan da bağlansa da, "Ədalət" onların sırasında yer almadı.
Çünki "Ədalət"in baş redaktoru istedadlı jurnalist olduğu qədər də, istedadlı yazıçı olan Aqil Abbas idi və o, öz şah əsərini qoruyub saxlamaq, yaşatmaq üçün hər bir çətinliyə sinə gərirdi. 
Budur, 26 ildir ki, "Ədalət" oxucularının görüşünə gəlir. İndi qəzetin baş redaktoru Aqil Abbas deyil, İradə Tuncaydır və o, "Ədalət"in estafetini davam etdirir. Aqil Abbas isə Milli Məclisin üzvü olsa da, özünü jurnalist kimi təqdim etməyi sevir və hələ də bir əli qəzetin üzərindədir, tez-tez "Ədalət"də publisistik yazılarla çıxış edir. 
"Yeni Müsavat" media qrupunun rəhbərliyi bu gün 26 yaşını qeyd edən "Ədalət"in qurucusu Aqil Abbası və qəzetin hazırkı baş redaktoru İradə Tuncayı təbrik edir, "Ədalət"ə mətbu uzunömürlülüyü, yaradıcılıq uğurları arzulayır.
Necə deyərlər, qoy "Ədalət" zəfər çalsın.






Fikirlər