"Dedilər köçkün olduğunuz üçün məktəbə Müşfiqin adını verə bilmərik" - Şəhid anası...

"Bu adamlara sual vermək lazımdı ki, bəs şəhid olanda niyə fikirləşmirdiniz ki, məcburi köçkündü?"

Aprel döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizdən biri də Müşfiq Orucovdur.

Biz Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün bu dəfə daha bir şəhid ailəsində qonaq olduq. Biz şəhidin ailəsi ilə görüşüb onunla bağlı xatirələri bölüşmək üçün Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının yataqxanasına yollandıq. Elə Müşfiqi soruşan kimi çoxları o nimdaş yataqxana binasını göstərdilər. Bizi şəhidimizin anası Aygün xanım və bacısı Günel xanım qarşıladı. Söhbətimizə ilk olaraq şəhidimizin anası ilə başladıq:
Aygün xanım:
“Sentyabrın 18 – də Müşfiqin doğum günün qeyd etdik...”
“Əslən Zəngilan rayonundanıq. 1993 – cü ildə Zəngilan işğal olunandan sonra qaçqın düşdük. 1994 – də isə Müşfiq dünyaya gəldi. Müşfiq evin ikinci övladıdı. Bacısı Günel ondan bir yaş böyükdü. Həmişə bacı – qardaş mehriban olublar. Sentyabrın 18 – də Müşfiqin doğum gününü qeyd etdik. Çoxlu adamlar gəlmişdi. Müşfiqin uşaqlığı boş keçməyib. O, Zəngilan rayon 7 nömrəli tam orta məktəbində təhsil alıb. Atası ilə mən hər ikimiz adıçəkilən məktəbdə müəllim işləyirik. Müşfiq həm də öz şagirdimiz olub. Bununla bərabər o, həm sintezator və həm də tar məktəbinə gedirdi. Sonra 700 balla Texniki Universitetə qəbul olundu. Yaxşı hazırlaşmışdı. Bu bir otaqlı yataqxana otağında təsəvvvür edin ki, bacı – qardaş hazırlığa gedib dərs oxuyurdular. Bir otaqda mən yemək bişirirdim, bir tərəfdə atası televizora baxırdı, bir tərəfdə də bacı – qardaş dərs oxuyurdular. Çox kasıbçılıqla böyütmüşəm Müşfiqgili. Zülümlə böyütdüm, axırı da belə oldu. (Ağlayır)
 
“Dedi ki, yaxşıyam, narahat olmayın...”
Müşfiq universiteti bitirən kimi 2015 – ci ilin iyul ayında hərbi xidmətə yola düşdü. Birinci gənc əsgər kimi Gəncədə xidmətə başladı. Sonra Naftalana yollandı. Elə xidmətinə də Naftalanda başladı. Həm Gəncədə olanda, həm də Naftalanda olanda yanına gedib – gəlirdik. Hər həftə sonu bizimlə telefonla danışırdı. Axırıncı dəfə martın 28 – də mənimlə, 29 – da isə atasıyla danışdı. Dedi ki, yaxşıyam, narahat olmayın. Aprel döyüşləri olanda mən yenə fikirləşmirdim ki, Müşfiq də orda ola bilər. Biz elə bilirdik ki, o, Naftalandadı. Amma aprelin 4 – ü axşam Müşfiqin cənazəsini gətirdilər. (Ağlayır) Bir gecə evdə saxladıq, 5 – də isə dəfn etdik. Sonradan bildik ki, Müşfiq aprelin 3 – dən 4 – nə keçən gecə Talış kəndində gedən döyüşlərdə şəhid olub.
“Elə bilirəm ki, harasa gedib, gələcək...”
Bir müddət idi ki, Müşfiqə görə yata bilmirdim. İndi bir aydı yatıram. Bu aylar ərzində Müşfiqi bir dəfə yuxumda görmüşəm. Gördüm ki, Müşfiq dostuyla ağacın dibində oturub. Bu yandan da sel gəlirdi. Mən elə çayı keçib Müşfiqə yaxınlaşmaq istəyirdim ki, gördüm Müşfiq yoxdu. Müşfiqin öldüyünü qəbul edə bilmirəm. Elə bilirəm ki, harasa gedib, gələcək.”
Şəhidimizin bacısı Günel xanım indi gözünün ağı - qarası olan qardaşını itirdiyinə görə çox təəssüflənir. Hər dəfə də Müşfiqin onun yuxusuna girdiyini deyir:
Günül xanım:
“Müşfiqlə bacı – qardaş olaraq uşaqlığımız bir yerdə keçib. Müşfiq şəhid olandan sonra isə hər şey dəyişdi. İnana bilmirik. Müşfiq tez – tez yuxuma girir. Bir dəfə yuxuma girdi və mən də həyəcanlanıb yaxınlarıma Müşfiqin sağ olduğunu demək üçün şəklini çəkirdim. O, da dedi ki, niyə tələsirsən. Şəklimizi çəkib hamıya yolladım ki, Müşfiq ölməyib. Sonra yenə yuxuma girdi. Gördüm ki, qapını açıb maşını həyətə saldı. Mən də istədim ki, qışqıram. Dedi ki, heç kimə demə, qoy gəlişim surpriz olsun. (Ağlayır)”
Şəhid ailəsinin məskunlaşdığı yataqxanada vəziyyət doğrudan da acınacaqlıdı. Şəhid anası bildirir ki, dedilər ki, sizi şəhid ailəsi olaraq evlə təmin edəcəyik. Amma sonradan bir xəbər çıxmadı. Biz yataqxanaya və şəhid ailəsinin yaşadığı bir otaqlı evə baxış keçirəndə doğrudan da təəssüf hissi keçirdik. Müşfiqin şəkillərini divarda otağın uçuq yerlərinin üstünə vurublar ki, heç olmasa evə adam gələndə onları görməsin.
“Biz Müfiqin adının əbədiləşdirilməsini istəyirik...”
Agün xanım gileylənir: “Müraciət edib dedik ki, heç olmasa Zəngilan rayon 7 nömrəli məktəbinə adını versinlər. Ona da bəhanə gətirdilər ki, guya məktəbə Müşfiqin adını vermək üçün iki medal lazımdı. Müşfiq nə etməli idi ki, iki medalı olsun? Sonra dedilər ki, guya məcburi köçkün olduğunuz üçün məktəbə Müşfiqin adını verə bilmərik. Bu adamlara sual vermək lazımdı ki, bəs şəhid olanda niyə fikirləşmirdiniz ki, məcburi köçkündü? Bəyəm bu Azərbaycanın şəhidi deyil? Axı, bir çox şəhidlərimizə bu ad verilir. Niyə bunlar bəhanə gətirirlər? Biz Müfiqin adının əbədiləşdirilməsini istəyirik. Xahiş edirəm bununla bağlı bizə köməklik göstərsinlər.”
Sonda Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.

 






Fikirlər