Azərbaycanda dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi zamanı qiymətlərin müəyyən edilməsinə dair yeni prosedur tətbiq olunacaq.
Bununla bağlı Nazirlər Kabineti "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edib.
"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə - texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri ( tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (sərbəst torpaq sahələri) bölünür. Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür. Bura üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (sərbəst torpaq sahələri) daxildir. Yeni prosedur qayda sərbəst torpaq sahələri ilə bağlıdır. Hazırda sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən torpağın yerləşdiyi zonaya görə müəyyənləşdirilmiş əmsalı zonaların bazis qiymətinə vurulur. Məsələn, Bakı şəhəri üzrə şəhərin 12-ci zonasında yerləşən 100 kv.metr torpağın bazis qiyməti 400 manat, Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 90 manat, Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası üzrə 50 manat, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası üzr 40 manat, rayon mərkəzlərinin 2-ci zonası üzrə 30 manatdır. Tutaq ki, Bakıda 1-ci zonada yerləşən 100 kv.metr torpağın normativ qiyməti hesablanarkən bu zonaya görə müəyyənləşdirilmiş 8,7 əmsalı bazis qiymətinə, yəni 400 manata vurulur və 3480 manat qiymət müəyyən edilir.
Dəyişikliyə əsasən bundan sonra həmin torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. Başqa sözlə, tutaq ki, Bakının 1-ci zonasında 100 kv.metr torpağın real bazar qiyməti 3480 manatdan bahadırsa, bu halda həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək və real qiymət müəyyənləşdiriləcək.
Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqının hesablanması proseduru da dəyişdiilib. Hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilir. Bundan sora isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi deyil, bazar dəyərinin 3 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi deyil, bazar dəyərinin 2 faizi həcmində müəyyən ediləcək.
Fikirlər