Mövsüm Aslanov Kiyevdə adam oğrularının hədəfinə çevrilib...
Moderator.az Ukraynada yaşayan soydaşlarımızın üzləşdikləri çeşidli problemləri daim diqqət mərkəzində saxlayır. Bu da təsadüfi deyil, strateji müttəfiq hesab etdiyimiz bir Avropa ölkəsində yaşayan yüz minlərlə soydaşımız Poroşenko hakimiyyəti dönəmində izaholunmaz aqibətlə üzləşib.
Belə ki, erməni mənşəli Arsen Avakovun Ukraynanın daxili işlər naziri təyin edilməsi bu ölkədəki həmvətənlilərimizin obrazlı desək, gününü göy əskiyə büküb. Bunun nəticəsidir ki, son dövrlər Ukraynada adam oğurluğu biznesi çiçəklənmə dövrünü yaşayır və girov götürülərək külli miqdarda pulun qarşılığında geri qaytarılan minlərlə qurbanlara azərbaycanlılar başçılıq edir. Rəsmi Kiyev də seyrçi mövqedə və başları Avropa ilə qarşılıqsız sevişmıəyə, Rusiya ilə mənasız didişməyə qarışdığından ölkədəki kriminogen durumun ötən hər gün daha da acınacaqlı hala düşməsi kimsənin vecinə deyil.
Hətta bu günlərdə baş prokuror Zakir Qaralovun ukraynalı həmkarına müraciət edərək baş verənlərə adekvat reaksiya bildirilməsini tələb etməsinə də doğru-düzgün cavab verilmədi. Bu azmış kimi yenə də Ukraynadan həyəcanlı xəbərlər gəlməkdədir.
Bu ölkədəki soydaşlarımızdan Moderator.az-a daxil olan məlumata görə azğınlaşmış adam oğruları AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovdan, onun qohum-əqrəbasından əl çəkmək niyyətində deyillər. Belə ki, bu günlərdə Kiyevin "Xarkovskiy" rayonu ərazisində soydaşımıza hücum edən quldurlar onu növbəti dəfə oğurlamağa cəhd ediblər. Mövsüm Aslanov son anda fiziki müqavimət göstərərək quldurların əlindən xilas ola bilib.
Xatırladaq ki, Ukraynadan gələn xəbərlərə görə, bu günlərdə onu bir dəfə də oğurlamaq istəmişdilər. Bu azmış kimi onun iki yaxın qohumu olan iş adamları da külli miqdarda pulun müqabilində girovluqdan azad edilmişdi. Belə ki, istəklərinə çatan adam oğruları 46 yaşlı Sakit Hacıyev və 39 yaşlı iş adamı Elvar İskəndərov sərbəst buraxmışdılar. E. İskəndərov və S.Hacıyev hər ikisi Mövsüm Aslanovun yaxın qohumlarıdır. (Həmin olaylarla bağlı materialı bu linkdən oxumaq olar---moderator.az/news/153618.html)
Yeri gəlmişkən, Ukraynadan gələn xəbərlərdən biri də Mövsüm Aslanovun adının daha bir qalmaqallı olayda hallanmasıdır. Bildirilir ki, vaxtilə adı Elnur Aslanov və Ceyhun Osmanovun nurçularla əlaqəsi olaylarında hallanan Mövsüm Aslanov bu dəfə Türkiyənin Ukraynadakı səfirliyinin FETÖ-çülərlə bağlı qara siyahısına salınıb. Türkiyənin "Sabah" qəzetindəki FETÖ ilə hansısa formada əlaqəsi olanlarla bağlı siyahının mövcudluğu barədə sensasion məqalədən sonra onun adının da Ukraynada nurçularla ilişkiləri olan şübhəlilərin siyahısında Bakıya təqdim edildiyi deyilir. Xəbərin nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini tezliklə biləcəyik. Çünki rəsmi Bakının FETÖ olaylarına həssas yanaşması göz önündə və belə bir siyahıda onun adı varsa çox tezliklə bunu bilmək imkanımız olacaq.