07.08.2014- Oliqarx Aslan Aslanov hara yoxa çıxıb?

07.08.2014- Oliqarx Aslan Aslanov hara yoxa çıxıb?İlham Əliyevin üçüncü prezidentliyi dövründə ilk vəzifəsiz qalan oliqarxlardan biri kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı yeni iddialar ortaya çıxıb.
Qaynar.info-ya daxil olan məlumata görə, onun ölkədəki pullarını yenidən xaricə çıxarmağa cəhd göstərdiyi iddia olunur: "Aslan Aslanovun konkret harada olduğu bilinmir. Ancaq ölkədə böyük biznes şəbəkələri var. O, bir neçə dəfə ölkədən qaçmağa cəhd etsə də, qarşısı alınıb. Hazırda o, yenə də pullarını ölkədən çıxarmağa cəhd edir. Bu prosesdə isə onun ən yaxın adamları iştirak edir".

Bir müddət öncə mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Aslan Aslanov ölkədən qaçmaq istəsə də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona ölkədən çıxmaq yasağı qoyulub. Buna səbəb isə onun vəzifədə olduğu müddətdə törətdiyi cinayətlərə görə həbs olunmaq təhlükəsindən qorxması olub.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları Aslanovun ölkədən çıxarmaq istədiyi böyük məbləğdə pulu da müsadirə edib. Pulun məbləği açıqlanmasa da, bir neçə milyon avro civarında olduğu vurğulanırdı. 15 ilin ən qalmaqallı məmuru ilə bağlı iddialarda onun bir çox şəxslərdən külli miqdarda rüşvət aldığı da bildirilirdi.

Qeyd edək ki, "rüşvətin xaç atası” kimi təqdim olunan məmurun "Qırmızı körpü" gömrük keçid məntəqəsində saxlanılaraq ölkəyə gətirilməsi xəbərindən sonra Aslanov mətbuata açıqlama verərək yenidən vəzifəyə təyin olunacağı anonsunu vermişdi. "Gözləyin, inşallah yaxın vaxtlarda mənim vəzifəyə gətirilmələ bağlı sərəncam olacaq", - deyə sabiq nazir müavini bildirirdi. "Hansı vəzifəyə təyin olunacaqsınız?" sualına isə A.Aslanov cavab verməmışdı: "İnşallah görəcəksiniz".

Mənbə bildirir ki, sabiq nazir müavini bu açıqlamasından sonra heç bir prosesdə iştirak etməyib, dövlət tədbirlərinə rəsmi və ya qeyri-rəsmi qatılmayıb. Bu da onunla bağlı iki ehtimalı ortaya qoyur: deməli, ya sabiq nazir müavini ölkədən qaçıb, ya nəzarətdədir.

Mövzu ilə bağlı Aslan Aslanovun mövqeyini öyrənməyə cəhd etsək də, təəssüf ki, alınmadı. Əgər sabiq nazir müavini mövqeyini bildirmək istəsə, onun cavab haqqını tanıyırıq.


Aslan Aslanov: "Mən heç yerə qaçmamışam”

Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov ölkədən qaçması və pullarını xaricə çıxarmağa cəhd göstərməsi barədə bəzi mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirib.

Sabiq nazir müavini A.Aslanov Publika.az-ın redaksiyası ilə əlaqə saxlayaraq deyib ki, bir sıra mətbu orqanlarda onun ölkədən qaçması və digər məsələlər barədə yazılanlar yalandır:

"Mən heç yerə qaçmamışam, hazırda da Bakıdayam. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) bütün tədbirlərində yaxından iştirak edirəm. Haqqımda yazılan məlumatlar dezinformasiyadır. Mənim guya ölkədən pul çıxarmağım barədə də yayılan məlumatların hamısı yalandır. Mənim heç bir biznesim yoxdur”
.






Fikirlər