“Vaxtilə “iqtidara istefa” deyib, qışqıran Xatirə Qasımova indi AzTV-dən aldığı paket müqabilində bizlərə hansı haqla böhtan ata bilər?”.
Bu haqda Gununsesi.info-ya AzTV-nin sabiq rejissoru Nərgiz Cabbarlı AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın verdiyi açıqlamaya münasibət bildirərkən belə deyib.
O bildirib ki, əsaslı tənqidlərimə qarşı tərəfin münasibət bildirməsi normaldır, lakin AzTV mətbuat xidmətinin bəzi saytlarda yayılmış cavabı tamamilə riyakarlıq nümunəsidir, çünki yalan və böhtan üzərində qurulubdur: “İşdən haqsız çıxarılmışam. Əvvəla, bu cavabda onun konkret olaraq sənəd kimi göstərdiyi saxta və uydurma maaş cədvəllərinə münasibət yoxdur. İkincisi isə, həmin cavabda deyilir ki, guya hər bir əməkdaşla müqavilə həmin işçinin potensialına görə tənzimlənir və əməkdaşın “iş çalışmaları rəhbəri qane etmədikdə əmək müqaviləsinə xitam verilir. Bu, tamamilə yalandır, ictimaiyyəti aldatmaq, sədr A.Alışanovun özbaşınalıqlarını və telekanaldakı maliyyə saxtkarlıqlarını ört-basdır etməyə hesablanmış cavabdır”-, deyə o bildirib.
N.Cabbarlı qeyd edib ki, AzTV-də hamı ilə 2-3 aylığa standart müqavilə bağlanır və orada çox ümumi şərtlər göstərilir: “Həm də bu müqavilə əməkdaşı asılı vəziyyətdə saxlamaq, istənilən vaxt işdən çıxarmaq üçün bir tələdir. İkincisi, “iş çalışması qane etmədikdə” nə deməkdir? Yəni necə ola bilər ki, məsələn, mənim hazırladığım konsert proqramları Elşad Quliyev, Arif Fərəczadə, Ramiz Mirişli, Vüqar Əhməd kimi yüksək televiziya və musiqi bilicilərini qane etdiyi halda “Büdcə oğrusu” kimi ad çıxarmış birisinin xoşuna gəlməsin? Axı A.Alışanov kimi televiziya yaradıcılığından başı çıxmayan səviyyəsiz və zövqsüz bir adam bizim iş çalışmamızı hansı əsasla bəyənməyə bilər? Yaxud biz yaxşı veriliş üçün gözümüzün qarasını əritdiyimiz zaman küçələrdə “iqtidara istefa “ deyib qışqıran müxalifətçi Xatirə Qasımova indi AzTV-dən aldığı paket müqabilində mediada bizlərə hansı haqla böhtan ata bilər -deyə rejissor sual edir. N.Cabbarlı bildirir ki, iş fəaliyyəti yox, şəxsiyyəti rəhbərliyi qane etməyənlərlə, rəhbərliklə alış-verişi özlərinə sığışdırmayanlarla müqavilə pozulur. Məsələn, musiqi kollektivlərində bir gündə 24 nəfər işdən çıxarılıb. Bunların sırasında Elmira Rəhimova, Nisə Qasımova, Eldar Axundov, Rəşidə Behbudova və başqa sənətkarlar vardır. Bu sənət adamların çoxu Nadir Axundova, əslində isə onun vasitəsilə Alışanova pul vermədiyi üçün işdən çıxarılıb, amma təbii ki, bəhanə başqa şey olub. Yəni, ilk növbədə rüşvət alıb-verməyən, Alışanovun puldan doymaq bilməyən gözünə pis görünənlər, şəxsiyyətini qoruyanlar işdən azad edilir. Rəhmətlik Mailə Muradxanlı, Məmməd Aslan, Ramiz Mirişli kimi böyük şəxsiyyətlərlə məhz belə davranılıb. Eləcə də Mehriban Ələkbərzadə, Vüqar Tapdıq, Qulu Məhərrəmli, Səadət Məmmədova, Anaxanım Abdullayeva, İdris Heydərli və başqa istedadlı jurnalist və rejissorlar ona görə AzTV-dən uzaqlaşdırılıblar ki, onlar bir buxalterin cızdığı əxlaq və alver trayektoriyasına girməyiblər, öz şəxsi ləyaqətlərini və dövlətçilik hissini yüksək tutublar. Mən də, Nailə Quliyeva da, mühəndis Hikmət Həsənov (Hikmətli) da, AzTV-nin bir azdan dillənəcək digər keçmiş əməkdaşları da sədr Alışanovun tükənməyən tamahı və haqsızlığı ilə üzləşmişik. Buna görə də biz sona qədər öz haqqımızı müdafiə edəcəyik”-, deyə N.Cabbarlı bildirib.(Gununsesi.info)
Fikirlər