Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.
Qaradağ Rayon Polis İdarəsindən hadisənin baş verdiyi təsdiqləyiblər.
***
Criminal.az xəbər verir ki, Sanqaçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.
***
Dövlət Yanğından Mühafizə Xidmətindən lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
AzerTaym.az