Ucqar kəndin gənc müəllimi: “Şagirdim sevgi statusumu oxuduğunu deyəndə utandım” - LAYİHƏ
Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. Bu günə kimi respublikanın əksər ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. Budəfəki müsahibimiz ədəbi mühitdə, sosial şəbəkələrdə kifayət qədər tanınan gənc şair Emin Piridir. AYB-nin “Gənc Ədiblər Məktəbi-2”nin kordinatoru olan Emin həm də bir neçə şeir kitabının müəllifidir. Prezident təqaüdünə də layiq görülüb. Bir müddət media sahəsində çalışıb. “Ən yaxşı sevgi şeirlərimi burda yazıram” Emin əvvəlcə ucqar dağ kəndinə necə düşməsinin tarixçəsindən danışır. Paytaxtın səs-küylü, qaynar ədəbi mühitindən ayrılıb, ucqar kənddə müəllimliyə başlamaq fikri oxucular üçün də yəqin, çox maraqlıdır: -Hər gün Bakının mərkəzi küçələrində gəzmək nə qədər xoş idisə, sonra o qədər bezdirici oldu. Sanki yeni nəfəsə ehtiyacım var idi. Şeirlərim get-gedə asfalt qoxusu verəcəkdi. Amma təndir qoxusunu, odun sobasını, saflığı özləmişdim. Belə bir şans müəllimlik imtahanında yarandı və dəyərləndirdim. İxtisasdan 100 faizlik nəticə göstərdim. Amma birinci yerdə buranı yazdım və qəbul olundum. Yaradıcılıq və həyatilik baxımından buradakı insanlar mənə daha maraqlı idi. Ədəbi qalmaqallardan uzaq daha xoşbəxt həyatım var. -Siyəzənlə-düşdüyün dağ kəndi ilə bağlı ilk təəssüratın necə oldu? -İndiyə kimi yaşadığım həyatdan daha uzaq, daha fərqli və mühafizəkar yerdi. Ədəbi mühitdə gördüklərimin tam əksidir, deyə bilərəm. Mehriban insanları var. Demək olar, hamı bir-biriylə qohumdu. Meşə yanında yerləşən, bulaqlı, bir az da Sergey Yeseninin yaşadığı kənd ağlıma gəldi. Elə ondan sonra “Təndir ətirli qız” şeirimi yazdım. Məncə, ən yaxşı sevgi şeirlərimi burda yazıram. Əsl sevginin nə olduğunu burda duymağa başladım. Halbuki, eşq mənim üçün əyləncədən başqa bir şey deyildi: Bu kənd bu dağın balası... gözlərində Allahı bezib şəhərdən Sevəsən, Çəkər gözlərini səndən kəndinə, Xəyallar bürüyər səni... Mən bir az Sergey Yesenin, “İşıq sönsə otağa gəlib məni buz heykəl kimi görürlər” - Bir az kənd, bir az da o kəndin məktəbi və insanları haqqında danışaq... Mediada çox yorulurdum. Müqayisə etsəm, məktəbdə demək olar, yorulmuram, dincəlirəm. Saf və təmiz, çirkin oyunlardan uzaq “çocukların” yanında yorulmaq günah olardı. Şərait var, amma işıq sönsə otağa gəlib məni buz heykəl kimi görürlər. Amma şaxtaya öyrəncəliyəm. Ağdamda səngər həyatı məni bir qədər çətinliklərə öyrədib. Asan işləri rahat bacara bilmirəm, çətin işlər mənə görədir. Başqalarına çətin gələnlər mənə adrenalin havası gətirir. Sinifdə iri ölçülü 50-dən çox tarixi xəritə var. Məncə, oxumaq olar. Uşaqları da başa düşmək lazımdır. Kənd həyatı, qoyun quzu otarmaq yorur. Elə bu kənd həyatı, oranın paklığı gənc şair-müəllimi tək buraxmır. Şair olan kəs insanlardan yox, saflıqdan tək qalır. Amma deyəsən, müsahibi müəllimi olduğu dağ kəndində bulaq suyu, dağ havası heç zaman tək qoymayıb: -Oradakı şəraitə uyğunlaşa bilmisən? Ucqar dağ kəndində nə kimi sosial problemlərlə üzləşirsən? -Burda qaz yoxdu. Bəzənsə, 2-3 gün işığın yanmamasını çıxsaq mənimçün rahatdı. Həftənin iki gününü digər müəllimlərlə qalıram. Yemək bişirməkdə tənbələm. Bişirmək vaxtı gələndə deyirəm ilham pəriləri gəlib mane olmayın, şeir yazıram. Bilirlər amma məni yola verirlər.(gülür) Qısa bir haşiyə -“Elçi daşı” -Bir kərə bulağın yanında daş üstündə oturmuşdum. Bir nənə yaxınlaşı dedi ki, “bala evlənmək istəyirsən?”. Dedi, “bu elçi daşıdı. Evlənmək istəyənlər gəlib oturur”. Necə qorxdumsa hər dəfə o daşı görəndə neçə metr uzaqdan qaçıram... Haşiyə-2. “Kənddə azan müəllim” Müsahibimiz dərs zamanı və dərsdən sonra başına gələn iki maraqlı hadisəni danışır: -Şəhərdə o qədər qarsız qalmışdım ki, burda oktyabrda qar görəndə uşaq kimi sevindim. Dərsdən sonra baxdım ki, məni görən şagird yoxdu? Başladım sürüşməyə. O qədər uşaqca sevinərək başım qarışdı ki, onda ayıldım ki, sürüşə-sürüşə aşağı kəndə gəlib çıxmışam. Elə bilirdim şagirdlərim məni sosial şəbəkələrdən tanımaz. Şagirdim dedi, müəllim axşam sevgi statusunuzu oxudum. Utandım, heç nə deyə bilmədim. -Şagirdlərdən nə dərəcədə razısan? -Şagirdlərin burdakı çətinliyini anlamaq mümkündür. 5 il ərzində cəmi bir nəfər universitetə daxil olub. Bu çox pis idi. Amma daha əminəm ki, bir il sonra hər il universitetə daxil olanlar olacaq. Müəĺlimlərlə birgə buna çalışırıq. Amma deyim ki, buna çox əminəm. -Əvvəldə dedin ki, tarix kabinetində müxtəlif dövrlərə, müxtəlif dövlətlərə aid 50 xəritə var. O fənni tədris edən müəllim kimi dərs metodundan danışardın... -Məncə, təhsildə əsas qarşılıq sevgi və inamdır. Özün və şagirddə inamını yaratmaq əsasdır. Yalnız bu iksindən sonra yüksək təhsildən danışmaq olar. Həddən artıq rəsmi və qorxuyla təhsil, tədris olmur. -Şagirdlərlə, müəllim kollektivi ilə dost olmaq, bu münasibəti tez bir zamanda qurmaq nə dərəcədə çətin oldu? - Burda mehribanlıq var, kənd içi rəsmiyyət yoxdu. Bir də görürəm, direktor zəng edib ki, heç nə bişirmə. Özü yemək, kənd məhsulları gətirir. Şagirdlərimsə həmişə gəlib maraqlanır. İnsaniyyətlik daha güclüdü. Kərim adlı şagirdim var, gündə üç dəfə bizdədir. Gəlib odun qırmağa kömək edir. Daha odun bir kənarda qalıb şeir yazmağa başlayıb. O kənddə bir nənə də var O kənddə bir nənə də var ki, Emin Piri ondan da bir ağız danışır. Kəndə yeni getdiyi ərəfədə kirayə qaldığı ilk evin yaşlı sahibəsidir. Şəhərdən gələn müəllimlə maraqlı dialoqunu müsahibimiz bizə danışır: -Əvvəl bir evdə ev yiyəsi ilə birgə qalırdım. 75-80 yaşlı arvad-kişi idi. Seyid idilər. Kəndə gələn hər kəs onları da ziyarət edirdi. Bir növ Emin Piri pirə çevrilmişdi.(gülür). Qəzetdə şəklimi görmüşdü, elə bilirdi təhlükəli adamam. Deyirdi “şəklini qəzetə yoxsa niyə versinlər…”.) -Ədəbi mühitin tam içində idin. Bu uzaqlıq indi səni qorxutmur? -İndi texnologiya əsridi. Həm həftədə bir kərə Bakıya gəlir, dostlarla görüşüb müzakirələr aparırıq. Əslində, mənə belə daha yaxşıdı. Uzàqdan daha yaxşı analiz edirəm. Mütaliəyə və yaradıcılığa daha çox vaxtım olur. Şeirlərim türkcəyə tərcümə olunurdu. Artıq bitib. Çox güman yazda Bakıda çap olunacaq. Qonorar məsələsini tam anlaşdıqdan sonrasa bu il Türkiyədə çapı gözlənilir.
Müəllimlər üçün təşkil olunan dövlət imtahanında yüksək nəticə göstərərək, Siyəzən rayonunun Dağ Quşçu kənd tam orta məktəbinə təyinat alıb. Yarım ildən çoxdur ki, Qarabağ şəhidi Ə.Şahbazov adına məktəbin tarix müəllimidir.
Dağların döşündən axan
Ana südüdür bulaq.
bulaq-giləsindən
Süd sağır bu qız.
gördüyüm qızın
ən gözəl güzgüsüdür
Sevdiyin qadının gözləri.
qaçdığın bu kənddə
indi gözün götürər təndir ətrini.
Kirayə qaldığın bu qəlb sahibi
“Təndir ətirli qız.”
Sevəsən,
lap ayrılasan
Üzülməyəsən ayrılığa,
Sevinəsən bir sevgi yaşadın deyə.
Qaralar dünyan,
Bu “şəhər” ürəyinə yağış yağacaq?!
Dodaqlarımız arasındakı
bir udumluq havanı
Yarı-yarıya udarıq...
Səni “bic-bic” xəyaldan
diksindirib oyadır
Bu kəndin qısqanc itləri.
İrana oxşayan bu kənddə sərxoş,
Şəhərli oğlana bel bağlamaz
Bu kəndin qızı,
Uzadar əllərini...
Uzağı bir qurtum sərin su verər.
-Müəllimlərin çoxu imtahanla qəbul olan savadlı pedaqoq heyətidir. Bu il bu işlədiyim məktəbə beş müəllim qəbul olunub, hamısı da 90 faiz ətrafı nəticə göstərib. Elə bilirdim, çox gəncəm. Amma yeni gələnlər təzə institut bitirənlərdi. Bir növ ən qocalardanam (gülür). Şəhərdəki təhsil, iş mühiti kimi deyil. Hərdən direktor, müəllim dostlar, şagirdlərim qonaq gəlir. Oturub odun “peç”inin yanında söhbətləşirik.
-Burda təkəm, amma özümü heç vaxt tək hiss etmirəm. Belə həyatla yaxşı şeir yazmamaq günah olar. Artıq hər bir daşı, torpağı mənə doğmalaşıb. Hər gün nəsə qaralayıram. Bir səngər həyatı, bir kənd müəllimliyi qədər mənə yaradıcı impuls verən ikincisi olmayıb. Hərdən bulaqdan su gətirirəm. Dizdən qar olanda şaxtada su gətirmək şeir yazmaqdan çətindi.