Şairin BÖYRƏKLƏRİ niyə çürüdü... – Zəlimxan Yaqubla bağlı ilginc faktlar (REPORTAJ)
“Öləndə gözləri açıq qalmışdı, öz əlimlə bağladım”
Zəlimxan Yaqubun evi Bakıxanov qəsəbəsində yerləşir. Evi məscid kimi yerdi, qapısı hər kəsin üzünə açıq. Yadıma gəlir, Zəlimxan müəllim birinci dəfə Almaniyaya böyrək əməliyyatına gedib-gələndən sonra yığışıb onun yanına getdik, hal-əhval tutduq. Necə ümidli idi. “Qara Qarayev” və “Neftçilər” metrosunun yanında istənilən taksi sürücüsünə desən ki, məni Zəlimxan Yaqubun evinə apar, aparacaq - evin yerini hamı bilir. Az qala bu yurd ictimai bir məkana çevrilmişdi, yəni o qədər gəlimli-gedimli idi.
Həmişə ürək açıqlığı ilə Zəlimxan Yaqubu ziyarət eləmək üçün getdiyimiz ünvana bu dəfə nə üçün gedirdim... Bu barədə yolda taksi sürücüsü ilə xeyli təsirli söhbətlərimiz oldu.
***
Qapını həyat yoldaşı Sahibə xanım açdı. Zəlimxan Yaqubun nəvələri sıra ilə qapının ağzına düzülmüşdülər, hamısı balaca-balaca uşaqlardı. Hiss olunurdu ki, bir-biri ilə o qədər oynayıb yorulublar, oynamağa təzə adam gəzirlər. Utanmasaydım, dizimi atıb yerə uşaqlarla evcik-evcik oynayardım.
Birbaşa Zəlimxan müəllimin yazı otağına keçdim, boş qalmış stoluna baxdım. Bir anlıq mənə elə gəldi ki, onun divardan asılmış bütün şəkilləri boş qalmış yerinə baxır. Kitabları, kitab rəfləri, sazı, fəxri fərmanları, diplomları... Hamısı bir nöqtəyə zillənib.
Sahibə xanım danışır:
– Zəlimxanım yoxluğu ilə barışmaq çox çətindi, elə bir insanı unutmaq olarmı?
Nəvəsi gəlir, üzündən öpüb adını soruşuram.
– Adım Zəlimxandı.
– Sahibə xanım, neçə nəvəniz var?
– Doqquz...
– Zəlimxan müəllimin nəvələrlə bağlı nə arzuları vardı?
– Ay bala, o qədər arzuları vardı ki...
– Böyük nəvənin neçə yaşı var?
– 18...
– Qız nəvəsidi, eləmi?
– Hə...
Bu yerdə Zəlimxan müəllimin o biri nəvəsi, Bəhlulun böyük oğlu Yusif dilə gəlir:
– Ay nənə, Turan qız deyil axı, oğlandı...
Sahibə xanım Yusifə:
– Yəni qızımın oğludu.
Qəfil Zəlimxan müəllimin qız nəvəsi yanımıza gəlir.
– Balaca, sənin adın nədi?
– Gülay...
– Sənin nə qəşəng adın var, adını kim qoyub?
Üç yaşlı Gülay qımışa-qımışa üzünü nənəsinin əlinə söykəyir, bir barmağını ağzına salıb deyir:
– Bilmirəm.
– Gülay, baban hara gedib?
Barmağı ilə Zəlimxan Yaqubun divardan asılmış portretini göstərir:
– Babam ordadı.
– Babanın şeirini əzbər bilirsən?
– Hə...
– Hansını bilirsən, de görüm.
– Bilmirəm.
Qızcığaz o qədər şirin idi ki, üzünə baxanda Zəlimxan Yaqubun nə üçün yaşamaq istədiyini anlamaq çətin deyildi. Həyat bu nəvələrlə doğrudan da, gözəldi. Bir şərtlə ki, evdə çölə çıxmayasan.
Böyük nəvə Yusif babasının şeirini əzbər dedi. Şeirin yaddan çıxan yerlərində nənəsinin üzünə baxırdı, elə bil Sahibə xanımın üzü Zəlimxan Yaqubun şeir dəftəri idi. Yusif nənəsinin üzünə baxan kimi şeirin yaddan çıxan misraları yadına düşürdü.
– Yusif, babandan ötrü darıxırsanmı?
– Hə, çox darıxıram... Mən balaca olanda babam məni gəzməyə aparırdı.
– Hara gedirdiniz gəzməyə?
– İndi nə qədər fikirləşirəm getdiyimiz yerlər yadıma düşmür.
– Sinif yoldaşların bilirlər sən Zəlimxan Yaqubun nəvəsisən?
– Bəli, bilirlər. Onlar da babamı çox istəyirlər. Şeirlərini əzbər bilirlər.
Birdən balaca nəvə barmağı ilə o biri balaca mələyi göstərib dedi ki, o, bir dəfə babamın kitabını cırmışdı, mamam hirslənmişdi. Tez o biri nəvə söhbətə müdaxilə eləyib qayıtdı ki, bəs maman deməmişdi babamın kitabını cırdığını heç kimi yanında demə. Nəvələr bir-birinə qarışdı, axırda məsələni aydınlaşdırmaq üçün yığışıb o biri otağa keçdilər.
Mənə elə gəldi ki, Zəlimxan Yaqub hardansa bu mənzərəyə baxıb gülümsəyirdi.
Sahibə xanımınsa dilindən çox gözləri danışırdı. Nə soruşurdum, nə sual verirdim, nəyi xatırladırdım, susub ağlayırdı. Gözlərində elə bil bulaq qaynayırdı.
– Sahibə xanım, Zəlimxan müəllimin evdə öz əliylə qoyduğu əşyalar varmı? Hansı ki, onlara əl dəymirsiniz, toxunmursunuz.
Ağlaya-ağlaya danışır:
– Bax, bu kitabların hamısı rəflərə özü yığıb.
Stolunun üstündə üst-ütə dörd-beş kitab vardı, onları göstərib dedi:
– Onlar oxuduğu kitablardı, yarımçıq qalıb.
Kitablara baxdım, doğrudan da, yarıya kimi oxunmuşdu, yarıda səhifəsi qatlanmışdı. O səhifələri Zəlimxan müəllim özü qatlamışdı. Belə şeylər mənə həmişə təsir eləyir. İnsan dünyadan köçəndə öz-özümə fikirləşirəm ki, görəsən, o, axırıncı dəfə bu yerdən keçəndə bilirdimi bir də yerə qayıtmayacaq. Görəsən, o, kitabın səhifəsini qatlayanda bilirdimi daha bir də bu kitabın üzünü açmayacaq. Görünür, bilmirmiş. Bilsəydi, səhifəni qatlamazdı.
– Neçənci ildə ailə qurmusunuz?
– 1977-ci ildə... Zəlimxan mənim anamın bacısı nəvəsidi. Biz ailə quranda Zəlimxanın 27 yaşı vardı. Toyumuz Gürcüstanda oldu. Hamısını xatırlayıram.
– Dostları gəlib-eləyir?
– Hə, gəlirlər. Allah hamısının canlarını sağ eləsin.
– Son günlərində nə danışırdı, nə deyirdi?
– Axır vaxtlar danışa bilmirdi. Bircə dedi ki, kitablarımı yaxşı saxlayın. Əlyazmalarımı qoruyub-saxlayın, ondan yaxşı istifadə eləyərsiniz, əlyazmalarım həmişə sizə lazım olacaq.
– Əlyazmaları arasında çap olunmayanı varmı?
– Hə, əlbəttə, var.
– Nə vaxt çap eləməyi düşünürsünüz?
– Hələ bilmirik, hələ başımız qarışıqdı.
Zəlimxan Yaqub evinin bir otağına özünə balaca bir muzey də düzəldib. Muzeyə göz gəzdirdim. Divarda onun haqqında deyilmiş fikirlər vardı. Danışırlar ki, şəkilləri divara, stendlərə özü yapışdırmışdı. Görkəmli şairlərin, yazıçıların onun haqqında dediyi fikirləri qəzetdən kəsib öz muzeyinə vurubmuş. Hamısı olduğu kimi durur.
– Son anda yanında kimlər vardı?
– Öz ailəsi idi. Oğlu, qızı, anası, yoldaşı, gəlinləri, nəvələri... Nəvələrilə bağlı arzuları çox idi.
Söhbətimizin əvvəlində dediyim kimi, Zəlimxan Yaqub ən birinci Almaniyadan əməliyyatdan qayıdandan sonra bir çıxışına qulaq asdım. Çox ümidli danışdı. Aydınca hiss olunurdu ki, müalicədən sonra sağalıb sağlam həyata davam eləyəcəyinə böyük inamı var. Bəs görəsən, necə oldu ki, o, artıq inamını, ümidini itirdi? Nədən sonra anladı ki, artıq yaşamaq mümkün deyil...
Sahibə xanım belə deyir:
– Zəlimxan Almaniyada olanda orda bir həkim qız varmış. Zəlimxan koridorda oturubmuş. Qız gəlib yanına Zəlimxanla danışırlar, söhbət eləyirlər. Zəlimxan çox ümidli şəkildə qıza deyib ki, gəlmişəm mənə böyrək köçürsünlər. Qız qayıdıb ki, sənə heç vaxt böyrək köçürməyəcəklər, ömrünün axırına kimi bu cür yaşayacaqsan. Həmişə biz də, həkimlər də, hamımız deyirdik ki, Allah qoysa, yaxşı olarsan, sənə böyrək köçürərlər... Amma o qızın sözündən sonra Zəlimxan daha heç bir təsəlliyə inanmadı, bütün ümidləri qırıldı.
Bizim təsəllimizə yox, Almaniyada həkim qızın sözünə inandı. Bu, 3-4 il bundan qabaq oldu. Düzdü, həkim Zəlimxanın özünə yox, bizə ayrıca demişdi ki, ona böyrək köçürmək mümkün deyil. Biz Zəlimxandan gizli saxlayırdıq bunu. Almaniyadakı qız Zəlimxana açıb həqiqəti deyəndən sonra özü hər şeyi başa düşdü.
Təkcə bir şeyə görə rahatam ki, xəstəliyi dövründə elə də əzab çəkmədi. Axır vaxtlar bir az ağrıları oldu, vəssalam. Yuxusu da yaxşıydı, yeməyi-içməyi də. Bircə onu incidən dializ idi. Başqa ağrıları olmurdu.
Bu yaxınlarda Zəlimxanın 66 yaşı oldu. Tez-tez deyirdi ki, 66 tamam olana kimi yaşamaq istəyirəm. Məni təsir eləyən odur ki, o, cəmi bir neçə gün artıq yaşamaq istəyirdi.
Qəfil Sahibə xanımı yenə ağlamaq tutur:
– Amma yaşamadı...
Zəlimxan Yaqubun anası Güllü nənənin 85 yaşı var. Şair anasına bir neçə şair də yazmışdı. Güllü nənəni çox istəyirdi, hər yerdə ondan danışırdı.
Güllü nənə:
– Bala, mən Zəlimxan haqqında nə danışım, bilmirəm. Axı bu yaşımda nə bilirəm ki, danışım. Üç oğlum, iki qızım var. Zəlimxanın bütün həyatı gözümün qabağındadı. 7-8 yaşından şeir yazmağa başladı, saz çalıb oxudu. Özü də nə deyirdi sinədən deyirdi. Damarından, qanından deyirdi. Nə şəirdi vardı, nə də ustadı. Ustadı də özüydü, şəirdi də özüydü. Zəlimxan uşaq vaxtından hər şeyə maraq göstərirdi.
Onun uşaqlığını yadıma salıram. Elə uşaq vaxtından ağır, sanballı, səliqəli idi. 5-6 yaşı olanda elə bilirdin 15-18 yaşı var. Balacalığından kəsərli sözü vardı. Hara buyururdun yarıdırdı, hər şeyi öz qaydasıyla yerbəyer eləyərdi.
– Güllü nənə, Zəlimxan müəllimin uşaq vaxtı böyrəkləri ağırıyıb-eləyirdi ki? Yəni nəsə zədəsi vardımı?
– Yox bala, heç nəyi yoxuydu. Onun bədənində, böyrəyində zədə olsaydı, bu qədər enerji, bu qədər güc, bu boyda söz-söhbət, damarda qan, can olardımı? Zəlimxan çox sağlam adamıydı...
– Bəs necə oldu birdən-birə?
– Mənim bildiyimə görə, bir neçə il bundan əvvələ kimi həmişə yayda Tərtər çayının qırağında yatırdı. Tərtər çayından çox xoşu gəlirdi. Zəlimxan böyrəklərin o çayın qırağında soyuğa verdi. Elə ondan deyirdi ki, böyrəklərim üşüyür. Görünür, elə o soyuqlar balamın böyrəklərini çürütdü...
– Nəyi sevirsənsə o, səni məhv eləyir...
– Mənim atam, Zəlimxanın babası da şeir yazırdı, o da sazlı-sözlü adamıydı. Adı da Qurbandı. Zəlimxan tez-tez deyirdi ki, mənim çox arzularım var, mən çox şeylər yazıb-yaratmalıyam. Deyirdi, Borçalıya gedib o yaylağı gəzəcəm. Lap ağır vaxtında da o çayları, o meşəlikləri, göylükləri yadından çıxarmırdı.
Güllü nənə kövrəlir:
– Zəlimxan elə yaşamaq istəyirdi, bala, elə yaşamaq istəyirdi... Son nəfəsində yanında oldum. Zəlimxan son bir ay danışa bilmədi. Söz deyirdi, sözünü başa düşmürdük. Sonra bir həftə özünü doğrultdu, nəsə lazımlı sözlər dedi. Böyük oğlu Bəhlul da, kiçik oğlu Şəhriyar da yanında idi. Dedi, ay bala, işinizdə təmiz olun, möhkəm olun, millət oğlu olun, dövlət oğlu olun, xalq oğlu olun, vətən oğlu olun. Balalarına bunları tapşırdı.
Həyat necə qəribədi, biz Zəlimxan Yaqubu ən birinci səsi ilə tanıyırdıq, gur, enerjili səsi ilə. Güllü nənə deyəndə ki, bir ay Zəlimxanın səsi çıxmadı, öz-özümə fikirləşdim ki, dünyanın işinə bir bax,Zəlimxanın özündən qabaq səsi ölüb.
– Zəlimxanın tez-tez yerini təzələyirdik, – Güllü nənə danışır, – gedən-gələn çox olurdu. O boyda gur adamı ayağa qaldırdıq, əriyib getmişdi. Təzədən yerinə uzandırdıq, vəssalam. Heç bilmədik bu adam nəfəsini nətər verdi.
– Sakitcə gözünü yumdu və getdi... Beləmi?
– Yox bala, heç gözünü də yummadı. Nəfəsi canından çıxdı, gözləri açıq qalmışdı. Gözünü özüm bağladım. Sığadıq, gözlərinicə yumdu... 65 yaş, 66 tamam olmadı. Zəlimxan sağalmaq istəyirdi. Var gücü ilə mübarizə apardı. İçində böyük bir həyat eşqi vardı. Çox arzuları gözündə qaldı.
Zəlimxan bizim məsləhətimizlə ailə qurdu. Xoşbəxt də oldular, balaları, nəvələri...
Bala, Zəlimxan hələ kənddə orta məktəbdə oxuyan vaxtlarda şair kimi parlamağa başladı. Məktəbdə hamı onu şair kimi tanıyırdı. Tələbəlik illərində daha da irəli getdi, hər yerdə gur-gur guruldayırdı, bulud kimi dolurdu, yağırdı, şimşək kimi çaxırdı. Bunlar Zəlimxanın dilinin ifadələridi, ona görə bu sözlərlə danışıram. Zəlimxan lap uşaqlığından millətə, vətənə, dövlətə bağlı adam idi.
Deyirsən, yoxluğu ilə barışmısanmı? Yox bala, yox, belə şeylə barışmaq olarmı?
– Güllü nənə, axı deyirlər, torpağın üzü soyuqdu...
– Öz-özümüzə ağlayırıq, kiriyirik, evdə bir-birimizə təsəlli veririk... Neyləyək?! Balam getdi...
– Zəlimxan müəllim deyirdi ki, şair sevməsə yaza bilməz. Anasısınız, bilməmiş olmasınız, onun uşaq vaxtı nəyə idi sevgisi? Ağaca, çiçəyə, gülə... Qız da sevirdimi?
– Mənlə yaxın dostuydu uşaq vaxtı, nə sirri-sözü olurdu gəlib anasına deyirdi, atasına demirdi. Zəlimxan təmizliyi, doğruluğu, düzlüyü, Allahın yolunu tutmağı sevirdi. Onun fikri-zikri düz yolla getmək idi.
Yaşım çoxdu, səhhətim imkan vermir, elə bir vaxtımdı ki, daha yaşım onu demir. Zəlimxanın kitablarını oxuya bilmirəm, amma mənə də şeir yazıb. Uşaqlar deyir, qulaq asıram. Köhnə vaxtı hamı uzun ömürlüydü. İndi yazıq millətin ömrü gödəlib. Allah bütün nəvələri, nəvələrin ətrafında olan pöhrələri salamat eləsin. 47 nəvə-nəticəm var. Bir dənə kötücəm var. Şükür Allaha, hamısından yerdən göyə kimi razıyam.
Zəlimxanın dostları çoxuydu. Amma elə adam olurmu onun düşməni olmaya? Onu istəməyənlər də vardı. Bu boyda irəli gedən adamı düşmənsiz təsəvvür eləmək mümkün deyil. Amma bütün yer-göy, bütün dünya Zəlimxanın dostudu. Dünya Zəlimxan deyir. Zəlimxan hara gedirdi orda bir Məkkə yaradırdı, hara gedirdi orda bir yarat yaradırdı, hara gedirdi orda şənlik yaradırdı.
Zəlimxan nəvələrini hər gün qoltuğunun altına alırdı, üzündən öpürdü, başını sığallayardı.
– Heç nəyəsə əsəbiləşmirdi?
– Hirssiz, əsəbsiz adam olarmı? Bir də görürdün nəyəsə əsəbiləşib. Gəlirdi evə, nəvələrin görən kimi hirsi soyuyurdu. Balalarını elə çox istəyirdi ki...
Zəlimxan ölümündən iki ay qabaq əlinə qələm almadı. Düz iki ay əlinə telefon da almadı. Heç kəslə danışmaq istəmirdi. Tamamilə ruhdan düşmüşdü. Bilirdi ki, sondu, mümkün deyil. Deyirdi, gedirəm. Heç bir təsəlli Zəlimxanı dindirmirdi.
Bu yerdə Zəlimxan müəllimin nəvələri hay-küy içində yenidən yanımıza gəlir. Hərəsi bir tərəfdə dayanıb bizə qulaq asırdılar. Deyəsən, o biri otaqda sakit durmaq üçün uşaqlara ciddi tapşırıb verilmişdi.
– Gülay, babanın şeirini əzbər bilirsən?
– Hə...
– Birini de görüm...
– Bilmirəm.
Yusif nəvəsi danışmağa başlayır:
– Babam bizi Gürcüstana aparmışdı, orda qəşəng yerləri gəzdirmişdi. İsmayıllıda Baskalda qalmışıq babamla bir yerdə.
Balaca Zəlimxandan soruşuram:
– Sənə evdə ata deyirlər, yoxsa baba?
– Atam hərdən baba deyir...
– Zəlimxan, baba indi yanında olsaydı, ona nə deyirdin?
– Heç nə, qucaqlayardım, sonra da üzündən öpərdim.
Gülay dillənir:
– Babaya deyərdim ki, məni parka apar.
Yusifdən soruşuram:
– Neçədə oxuyursan?
– Mən 5-də oxuyuram, qardaşım 3-də.
– Şeir yazırsan?
– Hə, hərdən yazıram... Ağlıma düşəndə şeir qururam, görürəm yaxşı alındı, yazıram.
Məni Zəlimxan Yaqubun nəvələri yola saldı. Uşaqlar bir-birini dümsükləyə-dümsükləyə yanımca gəlirdi. Darvazadan çıxıb yola düzəldim. Külək arxamca darvazanı bağlayanda fikirləşdim ki, Zəlimxan Yaqubunun qapısı həmişə açıq olardı. Qapısı hamının üzünə taybatay idi. Evə gələn qonağı özü qarşılayıb, özü də yola salardı. Qonağı düz qapıya kimi ötürərdi...
Kəramət Böyükçöl
AzNews.az