Ölkədəki son qalmaqallı həbslər NƏ VƏD edir? – RƏYLƏR
Novella Cəfəroğlu: “Əfv öncəsi bu cür həbslər nəyə lazımdır?”; Mehman Əliyev: “Dalğa müəyyən vaxtda geri çəkilir, sonra yenidən qayıdır” Son günlər Azərbaycanda bir sıra həbslərin həyata keçirilməsi ciddi müzakirələr yaradıb. Masallıda Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə başlayan müzakirələrə son olaraq, blogger Mehman Hüseynovun iki il müddətində azadlıqdan məhrum edilməsi əlavə olundu. Həbslər təkcə cinayət maddələrinin açılması ilə həyata keçirilmir. Çoxsaylı siyasi partiyaların fəalları müxtəlif inzibati cəzalara da məruz qalırlar. Əfvöncəsi bu həbslərin veriləcək sərəncamın üstünə kölgə saldığı deyilir. Ekspertlər proseslər bu şəkildə cərəyan edərsə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı təzyiqlərin arta biləcəyi, bir növ xarici təşkilatların bu yolla əllərinə fürsət veriləcəyini vurğulayırlar. Bazar günü bununla bağlı vətəndaş cəmiyyətinin nümayəndələrinin toplantısı keçirilib. Bu barədə “Yeni Müsavat”a İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu məlumat verdi: “Bir qrup QHT rəhbəri olaraq toplantı keçirdik və bu məsələni ciddi müzakirə etdik. Çalışacağıq ki, bunu yuxarı orqanlara da çatdıraq. Bu məsələnin həlli yolunda əlimizdən gələn imkanlarımızı sərf edəcəyik. Hesab edirik ki, son həbslər düzgün deyil. Hazırda elə bir vəziyyətdəyik ki, bu cür həbslər bizə ciddi zərər gətirir. İşçi Qrupu və bir sıra QHT-lər bu işlə ciddi məşğul olacaqlar. Əfv öncəsi bu cür həbslər nəyə lazımdır? Bununla Qərbin əlinə fürsəti özümüz veririk ki, bizə təzyiq etmək üçün bəhanəniz olsun. İndi müharibə dövründə yaşayırıq. Gənclərimiz həyatlarını itirirlər. ”Sülh Platforması" yaratmışıq, biz sülh istəyirik. Bunun fonunda indi beynəlxalq təşkilatlar deyəcəklər ki, bu ölkədə insan haqları pozulur. Bunların hamısı ölkəmizə çox ciddi mənfilər gətirir".
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Azərbaycanda belə hallar yeni deyil: “Cəmiyyətə aktiv şəkildə bu cür basqılar daim olub. Burada heç bir yenilik yoxdur. Sanki bir dalğa müəyyən vaxtda geri çəkilir, sonra yenidən hərəkətə keçir. Hakimiyyət cəmiyyət üzərində nəzarətini daim bu formada saxlayır. Məsələn, dünən Xədicə İsmayıl həbs olunmuşdu, ondan qabaq Eynulla Fətullayev, onlar müəyyən müddətdən sonra azad olundular. Yəni demək istəyirəm ki, ənənəvi siyasət davam edir. 2015-ci ilə, yəni böhran başlayana qədər bu siyasət iqtidara kömək edib. Cəmiyyət hakimiyyətin apardığı siyasətə qarşı çıxa bilmirdi. Amma nəticədə hakimiyyətin özü böyük böhrana düşdü. Bu, sosial-iqtisadi deyil, sistemli hakimiyyət böhranı idi. Bu böhranı hökumətin özü yaratdı. İqtidar dünənki deyil. Zəifləyib, cəmiyyətdən qorxmağa başlayıb. Ona görə narazı təbəqənin etirazının qarşısını almaq üçün bu cür həbslərə gedir. Əvvəlkinə nisbətən indi narazı təbəqənin sayı daha çoxdur. Hakimiyyət bundan narahatdır. Ona görə siyasi fəallara təzyiq etməklə cəmiyyəti qorxudurlar ki, ayağa qalxa bilməsinlər. Amma bu üsulla nəyəsə nail olmaq mümkün deyil. Çıxış yolu islahatlardır. Yaxın zamanlarda hakimiyyət bu islahatlara başlamasa - hesab edirəm ki, başlayacaq - çox böyük qarşıdurmalara gətirib çıxara bilər. İkinci tərəfdən, Azərbaycanla Qərb arasındakı danışıqlarda verilən vədlər yerinə yetirilməsə, ciddi təpkilər gələcək. Bu da vəziyyəti daha da gərginləşdirəcək. Hakimiyyət də bunu dərk etməmiş deyil. Axtarışdadırlar, nəsə etmək istəyirlər. Həbslər onu göstərir ki, hələ köhnə siyasətin üzərində dayanmağı seçiblər. Amma bu formada vəziyyət çox davam edə bilməz. Gözləyirəm ki, apreldən başlayaraq nələrsə baş verəcək. Başqa çıxış yolu da yoxdur”.