“2015-ci il ciddi dəyişikliklərin başlanğıc ili olacaq”
Azərbaycanda 2015-ci ildə demokratik islahatların həyata keçirilib-keçirilməyəcəyi, cari ildə hakimiyyət-müxalifət, hakimiyyət-cəmiyyət münasibətlərinin keyfiyyət baxımından yeni bir dönəmə daxil olub-olmayacağı yeni ilin ilk günündən ciddi müzakirə predmetinə çevrilməkdədir. Belə ki, 2014-cü ilin nəticələrindən çıxış edən demokratik düşərgədəki siyasilərin, QHT təmsilçilərinin əksəriyyəti 2015-ci ildə hakimiyyətin ciddi mənada siyasi islahatlara start verəcəyinə inanmasa da, yerli, regional və beynəlxalq aləmdəki vəziyyətin hakimiyyəti buna vadar edəcəyinə inananlar da az deyil.
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, 2015-ci il demokratik islahatlar prosesinin başlanğıcı olacaq:
“Prinsipcə hakimiyyətin müəyyən addımlar atacağını güman edirəm. Bu istiqamətdə müəyyən addımlar atılıb. Bütövlükdə hesab edirəm ki, 2015-ci ildə bu dəyişikliklər olmalıdır. Mən bunu dəfələrlə demişəm. 2015-ci ili bu baxımdan müəyyən başlanğıc kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu islahat və dəyişikliklər bütün istiqamətlərdə olacaq. 2015-ci il ciddi dəyişikliklərin başlanğıc ili olacaq”.