31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım TƏDBİRİ KEÇİRİLİB.

31.03.2017

31 mart 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Öncə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova erməni qəsbkarlarının zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlərdən, əzəli torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya birliyinə daha geniş məlumatların çatdırılmasının vacibliyini bildirib.

İ.Mahmudova 1998-ci il martın 26-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində dünya ictimaiyyəti tərəfindən Azərbaycan həqiqətlərininin tanındığını vurğulayıb.

XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edilib ki, 1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla erməni vandalları "yazıq millət" pərdəsi arxasında öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam edib. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırımı cinayətləri həyata keçiriblər. 1918-ci ilin mart-aprel aylarında onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, on minlərlə insanı yurd-yuvasından didərgin saliblar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülüb, Şamaxı qəzasının 58 kəndi yandırılıb, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilib, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilib. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalıblar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılıb, əhaliyə qəddarcasına divan tutulub. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılıb və yandırılıb. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 soydaşımızın evi yandırılıb, 132 min soydaşımız isə məhv edilib.

Tədbirdə həmçinin, dövlətimizin başçısının 2009-cu il 30 dekabr tarixli Sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması və dəhşətli faciələrin şahidi olan bu tarixi məkanın hər il on minlərlə insanın ziyarətgahına çevrilməsi xüsusilə vurğulanıb.Azərbaycan dövlətinin xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş apardığı, bu mənada qarşıda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarət olduğu nəzərə çatdırılaraq, tezliklə dünya birliyinin ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcəyi və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəyinə əminlik ifadə olunub.AzerTaym.az

 31.03.2017  DSC_0037

  DSC_0033






Fikirlər