Xətaidə məktəblərin ərazilərində ev tikintisinə kim şərait yaradır? - ŞİKAYƏT

Xətai rayonu, Mehmandarov küçəsinin sakinləri eyni küçədəki 263 saylı orta məktəbin ərazisinin hissə-hissə satılmasından, məktəb ərazisinin kiçildilməsindən narazıdırlar.
Onların sözlərinə görə 10 il ərzində ərazidə fərdi ev tikintiləri aparılıb.
Sakin Ruslan Atakişiyev deyir, bu evlərin sökülməsi üçün müxtəlif qurumlara müraciət olunsa da, valideynlər heç nəyə nail olmayıblar:
«Ən azı, məktəbin ərazisinə düşən tikililəri sökdürmək olar. O vaxt məktəbin hasarını sökdülər, yerində ev tikdilər. Kimin pulu çoxdur, gedir başçını görür, gəlir məktəbin ərazisində özünə bir ev tikdirir. Bu, çox pis ənənədir və bu pis ənənənin qarşısı alınmadığından Xətai rayonu ərazisində bir neçə məktəb eyni aqibəti yaşayıb», - deyə sakin bildirir.
Sakinlər bildirirlər ki, sağı, solu satılan məktəb yeni tikililərin arasında «gözəgörünməz» olub. Burada 1500-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Sakin Ülkər Şəfiyevanın sözlərinə görə, məktəb binasını dörd tərəfdən saran yeni tikililər məktəblilərin gediş-gəlişinə də darısqallıq yaradıb:
«Məktəblərin ərazisini satmaqdansa, sinif otaqları çatışmır, o yerlərdə gətirib əlavə korpuslar tikəydilər ki, şagirdlər sıxlıqdan əziyyət çəkməyəydi. Zəbt edib tikirlər, sonra da məktəbin rəhbərliyini dəyişirlər. Gələn təzə direktor da deyir, «nə olubsa, məndən əvvəl olub». Bu özü də bir siyasətdir. Hasarı sökdülər, yerində evlər tikdilər, sonra da məktəbin rəhbərliyini dəyişdilər. O da gəlib köhnə hasarın yerini tələb etməkdənsə, məktəb binasına yaxın yerdən təzə hasar çəkdirdi, zəbt olunan ərazi təzə hasarın o tayında qaldı. İndi də deyir, «mənlik deyil, nə olubsa, məndən əvvəl olub». Halbuki, tikililərin sökülməsini tələb edib hasarı elə köhnə yerindən çəkdirməliydi».
Sakinlərin bildirdiyinə görə, 263 saylı məktəblə eyni vaxtda 269 və 171 saylı orta məktəblərin də əraziləri zəbt olunub.
263 saylı məktəbin zəbt olunmuş ərazisində tikildiyi iddia olunan evlərdən birinin sahibəsi Hafizə Məmmədli deyir ki, 10 il əvvəl burda tikinti aparılanda, nə məktəb rəhbərliyi, nə də valideynlər narazılıq etməyib: «Bura məktəbin ərazisi olsaydı, indi danışan valideynlər o vaxt bizə daşı daş üstə qoymağa imkan verməzdilər. Evimizin Çıxarışı var, hər bir sənədi qaydasındadır», - deyə şikayətçi bildirir.
Məktəbdən şikayətə cavab olaraq bildirilib ki, aparılmış tikinti işlərinin hazırkı məktəb rəhbərliyi ilə əlaqəsi yoxdur. Tikinti indiki direktorun təyinatından bir neçə il əvvələ təsadüf edir.
Xətai rayon İcra Hakimiyyətindən isə fərdi evlərin tikildiyi sahələrin məktəb ərazisinə aidiyyəti olmadığını deyiblər: «Xəritə var, yerin planı var. Tikililər məktəbdən kənar məsafədədir. Heç bir məktəbin ərazisində ev tikilməyib. O tikililərin məktəblərə aidiyyəti yoxdur».
 
Azadlıq Radiosu






Fikirlər