“SEÇKİ OLMADI, TƏYİNAT BAŞ VERDİ” – AMEA-ya seçkilərdən narazı qalan alim Prezidentə MÜRACİƏT ETDİ
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda Akademiyanın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Yığıncaqda, həmçinin seçki vasitəsilə AMEA-nın vitse-prezident və İctimai Elmlər, Fizika-Riyaziyyat, Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinin sahibləri də müəyyənləşib. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçkinin nəticələri narazılıq yaradıb. Narazıların iddiasına görə, AMEA-nın üzvləri seçki yolu ilə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edilib. Bunun sübutu kimi, hələ seçkilərdən əvvəl bəzi namizədələrin artıq onlara “yaşıl işıq” yandırıldığını bəyan etdiyi, ziyafətlər veridiyinə dair yayılan məlumatlar göstərilir. Onların həqiqətən də AMEA-nın üzvü seçilməsi nəticələrin əvvəlcədən müəyyənləşdirildiyi fikrində olanların arqumentlərini gücləndirib. Narazıların bu etirazını mətbuat vasitəsilə ictimailəşdirən alimlərdən biri fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyevdir. Elman Şahverdiyev, “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət edərək, seçkilərdə baş verən pozuntuları, kimlərin təyinatla AMEA üzvü olmasını açıqlayıb, dövlət başçısından nəticələri ləğv etməyi xahiş edib. Həmin müraciəti dərc edirik: “Cənab Prezident, 02 mayda AMEA-ya növbəti təyinatlar oldu. Elmi ictimaiyyət bu təyinatlar zamanı bir daha yeni analoqsuz hadisələrin şahidinə çevrildilər. Bu “seçki”lərə düz 3 (!) dəfə elan verildi: 15 dekabr 2016, 7 yanvar 2017 və 01 Fevral 2017. Görün AMEA-da və AMEA ilə PA-nın Humanitar şöbəsinin münasibətlərində hərcı-mərclik hansı səviyyəyə çatıb! Kim lap yuxarılardan dəstək alırdısa, özlərinə yer açdırdı! Yəqin ki, AMEA tarixində belə biabırçılıqlar hələm-hələm ələ düşməz! Əvvəllər sənədlər bir neçə il “yatırdısa”, bu il serial elanlardan sonra təyinatları təcili həyata keçirdilər! Yəni bu dəfə marafon yox, sprinter təyinolunmaları baş tutdu. Yəqin yaş öz işini görür, tələsmək lazımdır! Elmi idarəetmədə əllərindən bir iş gəlməyənlərin improvizasiyaya meyl etməsi hamıya bəllidir. “Seçki”lərdə “Fizika” üzrə müxbir üzvlüyə namizəd idim. Amma yenə təyin olunmadım. Düşünürəm ki, AMEA prezidenti A.Əlizadənin və ən əsası PA şöbə müdiri F.Abdullazadənin səyləri nəticəsində. 2014–cü ildə olduğu kimi. O vaxt 3 yeni təyin olunmuş akademikin sitatları mənimkindən az qala 2 dəfə az, yeddi yeni müxbir üzvün sitatları mənimkinə bərabər idi. İndi o vaxt müxbir üzv olanlardan sağ qalanlardan ikisi –Nazım Məmmədov və Ənvər Nəhmədov həqiqi üzv təyin edildilər. Təsəvvür edin ki, həqiqi üzv təyin edilən Ənvər Nəhmədov “Thomson Reuters”ə görə elmə yalnız 105 istinad gətirib. SCOPUS-da isə 53. Yəni müxbir üzv təyin edildiyi vaxtdan keçən 3 ildə bu akademik elmə cəmi bir neçə istinad gətirib. İstinadların az olmasının səbəbı odur ki, görülən işlər orijinal deyil, kiminsə elədiklərinin marginaldan da marginal artırılmasıdır. Bəs onu niyə təyin ediblər? Səbəbi çox sadədır: Özünə məqalə yaza bilməyən Oktay Ələkbərov onun məqalələrində həmmüəllifdir; hansısa səbəblərdən o, özünü savadlı fizik kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxır! Xatırladım ki, Oktay Ələkbərov Fatma Abdullazadənin əridir. Bu il O.Ələkbərovun dəstəyi ilə həm də hələ ki, illərdir kağız üzərində yaradılmış Biofizika İnstitutunun direktoru Oktay Qasımov müxbir üzv təyin edildi. Onun adı elm fondlarından alınan 4 milyon qrantda keçir! 20 il ABŞ-da işləməsinə baxmayaraq, onun elmə gətirdiyi istinadların sayı, Hirş indeksi mənimkindən azdır. Bu, müəyyən tenderləri udmaq üçün qanunsuz yaradılmış bir həftəlik firmalara bənzəyir. Ölkənin bu çətin günündə biozifika üzrə təkcə AMEA-da olan çoxlu sayda elmi-tədqiqat laboratoriyalarının fonunda bu institutun yaradılması yalnız kiminsə mənəmlik ambisiyasına xidmət edir. Eyni sözləri yenə də Oktay Ələkbərovun (yəni Fatma Abdullazadənın) dəstəyi ilə əvvəlcə direktor, indi isə müxbir üzv təyin olunmuş Oktay Səmədov haqqında da demək olar. Bu insanların əksəriyyəti ilə mənim şəxsi ədavətim yoxdur. Ona görə gərək məndən inciməyələr! Qədim yunan filosofunun dediyi kimi, Platon mənim dostumdur, amma həqiqət (burada həm də ədalət-müəllif ) daha əzizdir. Nazim Məmmədova gəlincə, xüsusi olaraq qeyd edilməlidir ki, bu adam bir neçə məqalə istisna qalan işlərdə aparıcı müəllif deyil, aparılan müəllifdir. İşlərinə sitatlar olsa da, onun da istinadları mənimkindən az qala 2 dəfə azdır. Hirş indeksi də mənimkindən azdır. Hal-hazırda mənim işlərimə “Thomson Reuters” 670 istinad var (Bu müraciətdə bütün istinadlar oz-özünə sitatlarsız göstərilib.). Nazim Məmmədovun işlərinə isə-410. Maraqlıdır ki, bu istinadların az qala üçdə biri Türkiyədə yaşayan bir azərbaycanlı alim tərəfindən edilib! “Google”dan istifadənin əleyhinə olsam da, seçki zamanı hamıdan orada profil yaratmaq tələb olunduğundan (bu əslində anti-Thomson Reuterçilərın fəaliyyətinin nəticəsində baş tutdu) yenə müqayisə üçün orada olan göstəriciləri də əlavə edirəm: Elman Şahverdiyev-1215 istinad, Nazim Məmmədov-931 istinad. Həqiqi üzvlüyə seçilmək üçün əsas şərt tanınmış elmi məktəblər yaratmaqdır! Hanı Ə.Nəhmədovun və N.Məmmədovun tanınmış məktəbləri?! Bildiyim qədər, Ə.Nəhmədov 1 elmlər namizədinə rəhbərlik edib. N.Məmmədov isə 3. Amma bu 3 nəfərdən 2-sinin ona heç bir aidiyyəti yoxdur. Sadəcə N.Məmmədov direktor olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özünü 2 müdafiəyə hazır işlərə məsləhətçi-rəhbər kim yazdırmışdır. Onun guya rəhbəri olduğu işçilərdən bəziləri bu seçkilərdə iştirak edirdi! Necə olur ki, namizədlik dissertasiyalarında bir nəticədən bir şəxs istifadə edə bilər, amma elmdə alı rütbə olan akademiklik üçün belə məhdudiyyətlər yoxdur! Bu mövzuda son dərəcə ilginc fakları gələn müracıətlərimdə açıqlayacağam! Cənab Prezident, “Fizika” ixtisası üzrə müxbir üzv kimi Səlimə Mehdiyeva təyin olunub. Səlimə Mehdiyeva 15 namizəd arasında “Thonson Reuters” görə ən az istinad yığan 7-liyin içərisindədir (cəmi 37 istinad). Bəs sual olunur: niyə bu təyinat baş tutdu? Cavab, əlbəttə onun hansısa klanın üzvü olması ilə izah oluna bilər. 15 namizədin içərisində cəmi iki belə elmi işçi var idi ki, onun 1-i təyin olundu. Digər səbəb kimi onun bir övladına bu yaxınlarda sizin tərəfinizdən yüksək vəzifə verilməsi ola bilər. Yəni bu adamların lap yuxarılara birbaşa çıxışı var. Bəzən eşidirsən ki, fizika üzrə gec-tez bir qadın da seçilməli idi. Amma mənə elə gəlir ki, belə seçimi 2014-də başqa qadın elmi işçilərin arasından etmək daha ədalətli olardı! Bir də ki, dəqiq elmlərin öz özəllikləri var. Bu siyasət deyil ki, deyək ki, milli azlıqlara parlamentdə yer verəsən. 77 yaşlı qadın elmə indiyə qədər nə gətirdi ki, indən belə nə gətirsin? Bəzən kimsə qabardır ki, o, 10-11 namizəd hazırlayıb. Birincisi, müxbir üzvlükdə belə bir tələb yoxdur, ikincisi, bəs o namizədlərin istinadları hanı? Yəqin ki, Səlimə Mehdiyevanın istinadları elə o kadrların gətirdiyi istinadları da özündə ehtiva edir! Bir də ki, beynəlxalq qiymətləndirmələrdə kadr hazırlığı müddəası yoxdur! Bu sovet reliktidir, sadəcə ondan sui-istifadə edilir bəzi sui-istifadəçılər tərəfindən. Yəqin ki, adambaşına düşən elmlər namizədlərinin sayına görə Azərbaycan dünyada ən yuxarı pillələrdə durur! Ölkəyə yuksək ixtisaslı kadrlar lazımdır, kadr hazırlığı naminə kadrlar yox. Cənab Prezident, AMEA-da Akif Əlizadənin prezidentliyi dövründə həm 2014, həm də 2017 seçkilərində digər bəzi bir anormal hadisələrin də əsası qoyuldu: artıq demək olar ki, bütün İnstitut direktorları, bir çox hallarda isə direktor müavinləri AMEA-ya üzv təyin olundular. Özü də bu insanların demək olar ki, hamısı əvvəlcə direktor, direktor müavini təyin olunur, 1-2 il sonra isə AMEA üzvü! Administrativ vəzifələr AMEA-ya üzvlük üçün tramplin kimi istifadə edilir. Bu da Akif Əlizadənin elmə gətirdiyi əsas innovativ təşəbbuslərdən biridir. AMEA Prezidenti mifik seçki şəffaflığından danışır. Amma oxunaqlı saytlardan birində Nazim Məmmədovun artıq öz təyinatını seçki günündən bir həftə qabaq bayram etməsi ilə bağlı yazı getmişdi. Şadyanalıq öz yerinə, deməli kimsə əvvəlcədən tərtib olunan təyinatların bəzilərini mətbuata sızdırmışdı. AMEA-da hamı bilir ki, bütün əsas yerlərə kimlərin təyin olunacağı hələ 10 gün əvvəl bəlli idi. Digər tərəfdən, fikir verin, müxbir üzvlükdə bütün ixtisasların hər birinə bir yer (cəmi 20 yer) ayrılmışdı. Bu bazarlıq üçün manevr imkanlarına dəlalət edir! Yekunda isə 25 nəfər müxbir üzv təyin olundu. Halbuki, bu rəqəm 35 də ola bilərdi və AMEA üzvlərinin sayı qeyri-rəsmi müəyyən olunmuş 200 nəfəri keçməyə bilərdi. Bu təyinatlardan sonra AMEA üzvlərinin sayı 190 oldu. “Fizika” ixtisasına aid olan yerlər isə “Kompüter” və “İnformatika” ixtisaslarına peşkəş olundu. Cənab Prezident, Cənab Prezident, Cənab Prezident, Sizə müraciət edirəm ki, yeni əlavə seçkilərın keçirilməsi ilə bağlı müvafiq qurumlara göstərişlərinizi verəsiniz! AMEA üzvlərinin indiki sayı göstərir ki, hələ 10 vakant yer var. Onsuz da artıq 3 dəfə elan verilib! Hörmətlə,
Sadaladığım faktlar bir daha göstərir ki, AMEA-ya seçkilər olmayıb, təyinatlar baş verib, ona görə də bu “seçkilər”in nəticələri ləğv olunmalıdır.
İndiki təyinatlar son onilliklərdə olduğu kimi, elmin inkişafına yox, onun inkişafının qarşısının alınmasına yönəlib. Elmə cüzi istinad gətirənlərin kvazi fəalyyətinin stimullaşdırılması məgər elmin inkişafına dəstəkdir? Məgər AMEA DSMF-dirmi? Regionçuluğu qəsdən körükləmək məgər elmə dəstəkdir, vətəndaş birliyinə zərbə deyilmi?
Bildiyim qədər AMEA-ya seçkilərdə yenə Konstitusiyanın pozulması baş verib. İkili vətəndaşlığı olan bir nəfər tibb ixtisası üzrə həqiqi üzv təyin olunub. Təxmini hesablamalarıma görə hal-hazırda AMEA üzvü olan 190 nəfərdən 10-dan yuxarısının ikili vətəndaşlığı var. Sizdən xahiş edirəm ki, Konstitusiyanın qarantı kimi bu məsələni öz nəzarətinizə götürəsiniz!
Fatma Abdullazadə və Akif Əlizadə AMEA-da əhəmiyyətli reformalar aparmağa qadır deyillər. Dərhal istefaya getməlidirlər və ya istefaya göndərilməlidirlər! Necə olur ki, Fatma Abdullazadənin az qala 25 illik elmə (hələ səhiyyəni, təhsili, AAK-ı və sair demirəm) kuratorluğu dövründə biz bir ölkə olaraq Ermənistana bir pillə belə yaxınlaşmamışıq, geriləməyimiz ildən-ilə sürətlənir! Bu adamı dayandırmağın vaxtı deyilmi?!
Elman Şahverdiyev
AMEA Fizika İnstitutu