AYB-dən Xətainin heykəlinin götürülməsinə SƏRT ETİRAZ

Azərbaycan Yazıçılar Birliyinin “Şah İsmayıl Xətai Komissiyası”nın sədri, "Hədəf" şirkətlər qrupunun həmtəsisçi, baş direktoru Şəmil Sadiq Bakının "Xətai" metrostansiyasında tarixi şəxsiyyət Şah İsmayıl Xətaiyə həsr edilən kompazisiyanın sökülməsini sərt şəkildə tənqid edib.

"Qaynarinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan Yazıçılar Birliyi “Şah İsmayıl Xətai Komissiyası”nın sədri olaraq bildirirəm ki, Xətai metrostansiyasında Şah İsmayıl Xətaiyə həsr edilmiş kompozisiyanın sökülməsi Azərbaycanın tarixi şəxsiyyətinə qarşı olan hörmətsizlik nümunəsidir. 

Əgər metronun adı birbaşa Azərbaycan tarixi, mədəniyyəti, ideoloji fikir sahibinin adını daşıyırsa və həmin məkanda Şah İsmayılı xatırladan bir sənət nümunəsinin yerinə sadəcə mərmər daş düzmək heç bir halda yaxşı əlamət deyil. Sənət əsərləri üstündən tarix getdikcə dəyərini qazanır, tarixi bir abidəyə çevrilir. Metro rəhbərliyinin verdiyi məlumata görə, “həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya “Xətai” stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. 

Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir.” Bu necə qərardır və buna imza atanlar necə mütəxəssisdir? Necə olur ki, üstündən yüz illər keçmiş əsərlər pərpa edilə bilir, 30 illik tarixi olan bir əsər bərpa edilə bilmir?

Şah İsamayıl Xətai Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi olduğu kimi, həm də vahid Azərbaycan dövlətinin qurucusu kimi tariximizin danılmaz və unudulmaz şəxiyyətidir. Məhz Şah İsamayılın dövlətçiliyimiz üçün önəmini Akademik Ramiz Mehdiyev Şah İsmayıl haqqında yazdığı məqalədə elmi faktlarla əsaslandıraraq bir daha sübut etmişdir. 

Son zamanlar tarixi abidələrimizə, sənət nümunələrimizə göstərilən bu cür laqeydsizlik təbii olara insanların narazılığına səbəb olur. Mikayıl Müşfiqin bütsünə, köhnə “sovetski”dəki məscidə, Slavyan Universitetinin binasındakı mozaikaya, Yuğ Teatrının tarixi binasına olan münasibətlər bunlara nümunədir. 

Metropoliten rəhbərliyinin bununla bağlı tez bir zamanda iş görəcəyinə ümid edirəm. Çünki criminal.az saytına verilən məlumatda deyilir ki, “hazırda “Bakı Metropoliteni” QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.”

Bununla bərabər, millət vəkillərimizi, ziyalılarımız, jurnalistlərimizi bu məsələ ilə bağlı həyəcan təbili çalmağa səsləyir, Şah Xətaiyə olan bu münasibətin tezliklə aradan qaldırılması üçün dəstək olmağa çağırıram!"

Qeyd edək ki, sözügedən statusa jurnalist, media eksperti Qulu Məhərrəmli də münasibət bildirib:

"Bunlar nece müəllif, nece xalq rəssamlarıdır ki, deyirlər kompozisiyanı bərpa etmək olmaz. Bu dünyada yalnız ölmüş canlını bərpa etmək mümkün deyil! Bax, bizə azad və vicdanlı media ona görə lazımdır ki, belə absurdları cəmiyyetə çatdırsın".

 






Fikirlər