"MÖMÜNƏ Xatun" masaj salonu, "XƏTAİ" restoranı, "QARABAG" kafesi — Özümüzə nə vaxt hörmət edəcəyik?!

"Möminə Xatun" masaj salonu, "Xətai" restoranı, "Qarabağ" kafesi — Özümüzə nə vaxt hörmət edəcəyik?!

Son zamanlar ictimai iaşə obyektlərinə tarixi şəxsiyyətlərin, tarixi abidələrin, işğal altında olan rayonlarımızın adının verilməsi tendensiyası çoxalıb.

Yol kənarında yerləşən balaca kafelərdən tutun, restoranlara, gözəllik salonlarına, hətta əxlaqsızlıq yuvalarına da işğal altında olan rayonlarımızın, tarixi şəxsiyyətlərimizin adının verildiyini görürük. İndi bu adlardan hər yerdə istifadə edilir.

"Şah İsmayıl Xətai", "Qarabağ", "Şuşa" restoranları, "Möminə Xatun" massaj salonu və s... Bu tarixi şəxsiyyələrimizin, elimizin, obamızın adlarının sauna, hamam, gözəllik salonlarına qoyulması istər-istəməz bir çoxumuzda ikrah hissi yaradır.

Məsələn, dünyaya igidliyi ilə meydan oxuyan Çingiz xanın adı restoranlardan birinin adını bəzəyir. Xatırladaq ki, o tarixi şəxsiyyətlər tarixdə yaxşı yediyinə, yaxşı çimdiyinə, yaxşı masaj etirdiyinə, gözəl olduğuna görə yox, tarixdə xalqımız üçün etdiklərinə görə bu günə kimi xatırlanırlar, xatırlanacaqlar.

Ağdamın adına görə o kafedə yeyib içməklə, Gürcüstana gedib erməni fahişəsi ilə yatıb Qarabağın qisasını almış kimi davranmaq arasında heç bir fərq yoxdur.

İctimai iaşə adlarına tarixi şəxsiyyətlərimizin, tarixi abidələrimizin, işğal altındakı rayonların adlarının verilməsinə ziyalılarımız - sabiq təhsil naziri Firudin Cəlilov və tanınmış jurnalist, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Ölkə.Az-da münasibət bildirib:

Firudin Cəlilov bu məsləyə həssas yanaşmaq lazım olduğunu qeyd edib:

"Bunu qadağan etmək olmur, ancaq reklam agentliyi bu işə nəzarət etməlidir. İctimai iaşə obyektləri, restoran, kafe, hamam, sauna və s. bunlara ad verəndə mütləq məsləhət almalıdırlar. Bir çoxu bilməməzlikdən, ancaq elə adamlar da var ki, bilərəkdən bunu edir. Bu çox ciddi məsələdir. Buna həssas yanaşmaq lazımdır.

Milli Məclisdə, Nazirlər Kabinetində toponomiya komissiyası var. Bəzi adlara onlar nəzarət etməlidirlər. Bu komissiyalar yer adlarına, kənd və rayon adlarının dəyişdirilməsinə nəzarət edir. Dilçilik İnstitutu ictimai iaşə obyektlərinin adlarına nəzarət etməlidir. İnsanların özündə də milli vicdan olmalıdır. Şah İsmayıl Xətainin adını restorana, kafeya, hamama qoymaq biabırçılıqdır. Təkcə Şah İSmayıl Xətai yox, digər tarixi şəxsiyyətlərimiz, tarixi abidələrimizin adını ictimai iaşə obyektinə verən adamlara nə ad qoyacağımı bilmirəm.

Bu məsələlərdə biraz da jurnalistlərdə günah var. Bu çox yaxşı mövzudur, bunu gündəmə gətirib, həmin obyektlərin adı ilə, ünvanı ilə yazıb tənqid edib qınağa çəkməlidirlər ki, bəzi insanlar dərs alsın, anlasın".

Qulu Məhərrəmli isə belə halların qarşısını alınması üçün tədbir görülməsinin zəruriliyini qeyd edib:

"Kafeyə və yaxud hansısa bir obyektə rayon adı verməkdə xatırlatmaqdan daha çox biznes marağı var. Misal üçün, Şuşa adında restoran açıb şuşalıların ora gələcəyini düşünürlər. Bunu bu şəkildə etmək olmaz. Müəyyən elmi və yaxud gənclər üçün bir çərkəz olarsa, onun adını Şuşa, Şah İsmayıl Xətai qoya bilərik.

Ad rəmzdir, rəmzin də mənası olmalıdır. Ona görə də, bu tendensiyanın əleyhinəyəm. Biz o cür gözəl, bizə duyğusallıq, ruh verən adları lazımsız, mənfi imici olan obyektlərə qoyuruq. Son zamanlar əyləncə mərkəzinə tarixi şəxsiyyətlərimizin, tarixi abidələrimizin və işğal altında olan rayonlarımızın adlarının verilməsi tendensiyası artıb. Buna yol verməməliyik. Düşünürəm ki, bununla bağlı hansısa inzibati tədbirlər həyata keçirmək olar. İnsanları başa salmaq lazımdır ki, bu cür adlardan istifadə etmək olmaz. Gərək açdıqları kafenin, çay evinin, hamamın, saunanın adı hansısa tarixi şəxsiyyətin, tarixi abidənin, işğal altındakı rayonlardan birinin adı olsun? İnsanların düşüncəsində iz qoyan adları ictimai iaşə obyektlərinə vermək olmaz. İşğal altındakı rayonlarımızın adlarını ictimai iaşə obyektlərinə qoyaraq bir növ o məkanla xudahafizləşib, onun adını yaşadırıq. Ad fərqləndirmə üçündür, eyni zamanda ad həm də rəmz, simvoldur. Ona görə də, bu məsələdə diqqətli olmalıyıq, bu tendensiyanın qarşısını almalıyıq".

Bu tarixi şəxsiyyətlər, elimiz-obamız xalqımızın malik olduğu zəngin mədəni irsdir. Bu zənginliyi cılızlaşdırmayaq, ucuzlaşdırmayaq!






Fikirlər