ADU-da Heydər Əliyevə həsr olunmuş interaktiv konfrans KEÇİRİLİB
Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidovun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş interaktiv konfrans keçirilib. Açılış nitqi ilə çıxış edən dosent S.Həmidov qonaqları salamlayaraq onlara konfransda iştirak etdikləri üçün təşəkkür edib. Müasir Azərbaycan dövlətinin bizim ən böyük dəyərimiz olduğunu söyləyən S.Həmidov bu dəyərin bizə ulu öndər Heydər Əliyev tərəfindən bəxş edildiyini vurğulayıb. O, konfransda ümummilli liderin şah əsəri olan Azərbaycan dövlətinin qurulması prosesinin dünyada gedən proseslərlə müqayisəli şəkildə təhlil olunacağını deyib. Sonra “Azərbaycanda və dünyada 10 illik intervalla hadisələrin inkişaf dinamikası” mövzusunda sənədli film nümayiş olunub. Daha sonra konfransda “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir…”, “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və daimidir!”, “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək!” və “Azadlıq və istiqlaliyyət- hər bir insanın taleyinə çevrilməlidir!” mövzularında tezislərdə mühazirələr oxunub. Sonda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev konfrans iştirakçılarını salamlayaraq bu mövzuda tədbirlərə həmişə ehtiyac olduğunu qeyd edib. Ə.Abdullayev: “Tarixdə tək-tək şəxsiyyətlər var ki, dünya dövlətləri tərəfindən tanınır. Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, müstəsnasız olaraq dünya dövlətlərinin liderləri onu qəbul edib”-deyə vurğulayıb. O, ulu öndərin dünyagörüşü, intellekti, təcrübəsi, uzaqgörənliyi ilə hər zaman seçildiyini qeyd edib. Ə.Abdullayev konfransın tələbələrin ümummilli lider haqqında biliklərini daha da artıracağına əminliyini ifadə edib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.AzerTaym.az