Dollar ucuzlaşır, “Neptun” qiymətləri qaldırır! - ŞİKAYƏT
Milli valyutamızın xarici valyutalar qarşısında möhkəmləndiyi və sabitliyini qoruduğu bir vaxtda, paytaxtda fəaliyyət göstərən “Neptun” supermarketlərində qiymət artımının hansı əsasla baş verdiyi müəmmalı olaraq qalmaqda davam edir. Niyə müəmmalı deyirik? İndiyə kimi baş verən hər-hansı qiymət artımını dolların məzənnəsi ilə əlaqələndirib, canlarını qurtarmağı bacarırdılar, bəs dolların ucuzlaşdığı, milli valyutamızın möhkəmləndiyi bir vaxtda, “Neptun” marketlərin qiymət artımına getməsinə səbəb nədir?! Bir neçə gün bundan əvvəl “AzPolitika”ya müraciət edən vətəndaşımız sözügedən marketdən şikayət etmişdi. Şikayət bu marketdə satılan “Molfix jumbo 5 junior 36″ uşaq bezi ilə bağlı idi. (Buna da bax: “Neptun” qiymətləri yenidən qaldırdı – HANSI ƏSASLA?!) Vətəndaşımızın şikayəti əsasında araşdırmamızı tamamladıqdan sonra, şikayətin haqlı olduğunu görüb, yazı dərc etmişdik. “AzPolitika”nın əməkdaşları bu qiymət artımının izinə düşərək, yenidən “Neptun” supermarketlərində olublar. Və məlum olub ki, bu market qiymətləri yenidən qaldırıb. Yəni manatın möhkəmləndiyi bir vaxtda, “Neptun” ikinci dəfə qiymət artımına gedib. Belə ki, vətəndaşımız ilk şikayətində “Molfix jumbo 5 junior 36″ uşaq bezini 13.65 manatdan, daha sonra isə 15.37 manatdan aldığını, marketdə şikayətə baxılmadığını bildirmişdi. Hazırda isə sözügedən uşaq bezi, nə az-nə çox, düz 15.75 manatdan müştərilərə təklif edilir Haqlı olaraq sual yaranır və bir daha təkrar edirik: Ölkə rəhbərliyinin suni qiymət artımının qarşısı alınmalıdır tələbi bu market üçün keçərli deyilmi?!