HƏRBİ attaşelər və XARİCİ KİV nümayəndələri ALXANLIDA
Virtualaz.org-un məlumatına görə, hərbi attaşelər və xarici KİV nümayəndələriFüzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, erməni hərbi birləşmələri hər gün bu kəndi atəşə tutur: "Atəşkəs dövründə 900 şəhid vermişik. ATƏT və beynəlxalq qurumlar buna biganə münasibət bəsləyir. 25 ildir ki, ermənilər hər gün cəbhəyanı əraziləri atəşə tutur. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr buna biganə yanaşır. Biz artıq heç bir beynəlxalq quruma inanmırıq. Hərbi attaşelər bunu dünya ictimaiyyətinə çatdırmalıdır". Səfər iştirakçıları daha sonra Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. XİN-dən virtualaz.org-a verilən məlumata görə, səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edirlər. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı iştirak edirlər. Səfər çərçivəsində onlar iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcək. Onlara baş vermiş hadisə barədə yerindəcə ətraflı məlumat veriləcək. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər.