Füzulidə son vəziyyət – İcra başçısından AÇIQLAMA

???????????????????????????????

“Hazırda rayonda vəziyyət stabildir, həyat öz axarında davam edir”.

Bu barədə Modern.az-a Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib.

Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir əsas yoxdur:
“Rayonda pambıq, taxıl biçilir, digər kənd təsərrüfatı işləri davam edir. Camaatın əhvalı da yaxşıdır”.

İcra başçısı deyib ki, bu cür təxribatlar rayonda heç kimi qorxutmur:
“Biz bunu erməni vandalizminin, erməni vəhşiliyinin növbəti nümunəsi kimi qəbul edirik. Əhalinin dinc, normal şəraitdə yaşaması erməniləri narahat edir. Ona görə də bu cür təxribatlara əl atırlar. Sakinlər dünənki hadisəni ermənin son vəhşiliyi kimi qəbul edir. Həmin kənddə və rayonda hər şey öz qaydasındadır”.
A.Alıyevin sözlərinə görə, erməni vəhşiliyi nəticəsində qətlə yetirilən nənən və nəvənin dəfnini İcra Hakimiyyəti öz üzərinə götürüb:
“Dəfn mərasimi bu gün keçiriləcək. Yaralı sakinimiz qospitaldadır, vəziyyəti stabildir. Bir neçə dəqiqə əvvəl özüm danışmışam, həyati təhlükəsi yoxdur”.
Rayon rəhbəri bildirib ki, soyadları eyni olsa da, yaralı Səlminaz Quliyevanın ölən Zəhra Quliyeva ilə qohumluğu yoxdur, onlar sadəcə qonşudurlar.

Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AzerTaym.az

 






Fikirlər