YAP-çı deputat jurnalistlərə qarşı kampaniyanı PİSLƏDİ

Bəxtiyar Sadıqov: “Bu cür dəyərli bir işə qarşı dəyərsiz kampaniya aparılır”

Ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada xeyli tanınmış imza sahibi mənzillə təmin olundu. Milli mətbuatın yaranmasının 142-ci il dönümü ərəfəsində jurnalistlər üçün yeni tikilmiş binanın rəsmi açılış mərasiminin keçirilməsi, mənzillə təmin olunan mətbuat nümayəndələrinin sevincinə sevinc qatdı. 
Lakin bu layihəyə qarşı çıxıb, mənzil alan jurnalistlər barəsində sosial şəbəkələrdə qeyri-etik ifadələr işlədənlər də oldu. Elə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da “Xəzər” TV-yə açıqlamasında bu kimi nüanslara toxunaraq bildirib ki, dövlətin jurnalistlərə ev verməsi təcrübəsi dünyanın heç bir yerində yoxdur. “Bu mənzillər cənab prezidentin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hədiyyəni isə heç zaman müzakirə etməzlər. Haqqı olmayanlar elə bağırırlar ki, haqqı olanlar utanıb geri çəkilirlər. Prezidentin bu nəcib əməlinə qarşı kampaniyaya başlayıblar”, - deyə o bildirib.

Məsələ ilə bağlı YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a təəssüflə bildirdi ki, bəzən yaxşı işi də gözdən salmaq cəhdləri olur: “Kimsə öz şəxsi marağı, mənafeyi naminə kifayət qədər araşdırma aparmadan, hər kəsin bəyəndiyi, hamının dəstəklədiyi xeyirxah işin üzərinə kölgə salmağa çalışır. Təəssüf edirəm ki, bunu öz həmkarlarımız, jurnalistlər edirlər. Dünyanın heç bir yerində belə şey yoxdur ki, dövlət mənzil tikib təmir edə və jurnalistlərə verə. Bir məqama da diqqət çəkmək istəyirəm ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə qısası, sosial müdafiəyə ciddi ehtiyacı olan insanlara ev verilir. Görün bütün jurnalistlərin dostu cənab İlham Əliyev media nümayəndələrini nə qədər istəyir, onların əməyini nə qədər qiymətləndirir ki, bu peşənin sahiblərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün onları dövlətin himayəsinə götürür. Çox maraqlı haldır ki, birinci bina istifadəyə verilən gün ikinci binanın təməli qoyuldu. Eləcə də bu, günlərdə ikinci bina istifadəyə verildi və dərhal da üçüncü binanın təməli qoyuldu. Yəni bu layihə ardıcıl şəkildə davam edir. Cənab prezident tapşırıq verdi ki, çox qısa müddətdə üçüncü bina da hazır olsun. Əlbəttə, kimsə hesab edə bilər ki, bu dəfə ona ev verilməli idi və ona qarşı haqsızlıq olub. Axı çoxsaylı müraciətlər edilib. Yaradılan komissiya çox böyük zəhmətlər çəkib, iş görüb, dəyərləndirmə prosesi olub. Mənə elə gəlir ki, darıxmaq lazım deyil və bu dəfə 255 insanın sevincinə şərik olmaq lazımdır”.

B.Sadıqov qeyd edib ki, əgər kimsə hesab edirsə ki, bu dəfə ev almalı idi, ancaq almayıb, yəqin ki, hökmən növbəti binadan onlara da mənzil veriləcək: “Kəmhövsələ olmağa ehtiyac yoxdur. Bu cür dəyərli bir işlə bağlı belə dəyərsiz kampaniya aparmaq lazımsızdır. Hər kəsi səbirli olmağa dəvət edirəm. Biz öz jurnalist həmkarlarımızın, dostlarımızın da yerinə sevinməli, onları təbrik etməyi bacarmalıyıq. Eyni zamanda bir qədər də şəxsi təmənnamızda səbirli olmağı bacarmalıyıq. Hər halda, bina tikilir və hesab edirəm ki, bu gedişlə çox yaxın zamanda Azərbaycanda bir nəfər də olsun mənzilə ehtiyacı olan jurnalist qalmayacaq. Bu cür kampaniya aparanların haqsız olduğunu bildirirəm”.

Deputat xaricdə yaşayıb, ev alan jurnalistlərə qarşı sosial şəbəkələrdə qarşı çıxan şəxslərə də toxunub:Bizim ”beşinci kolon" deyilən zümrə var ki, onlar Azərbaycanın milli maraqlarını nəzərə almırlar. Bu kimi şəxslər yalnız öz şəxsi hikkələri ilə yaşayırlar və onlar üçün sadəcə olaraq, bəhanə lazımdır ki, Azərbaycanla bağlı mənfi fikir söyləsinlər. Hətta Azərbaycanın haqq işini də haqsız kimi göstərirlər. Onlar belə vətənpərvərdirsə, bu jurnalistlərin halına yanandırsa, o zaman elə ölkələrində yaşayıb, Azərbaycanda jurnalistikanın inkişafına kömək edərdilər. Bu gün onlar xaricə gediblər və bu cür əməllərlə məşğuldurlar. Məsələnin mahiyyətindən xəbərdar olsunlar, kimin haqlı, kimin haqsız olduğunu öyrənsinlər, seçimin necə aparılmasını, komissiyanın işini bilsinlər. Bunları bilmədən artıq əllərinə girəvə düşüb ki, Azərbaycanın imicinə kölgə salmaq niyyəti ilə nə isə bir kampaniya aparsınlar. Bu “beşinci kolon”un üzvləri barəsində çox danışmaq istəmirəm. Çünki onlar diqqətəlayiq insanlar deyillər. Onlar vətənindən üz çevirmiş və bu gün də anti-azərbaycançı şəbəkə olaraq, ölkəmizə qarşı mübarizə aparan insanlardır. Onların bu mahiyyəti apardıqları kampaniyanın da necə dəyərsiz, qərəzli, şər-böhtan kampaniyası olduğunu bir daha sübut edir".

B.Sadıqov hesab edir ki, prezidentin bu addımı ölkədə mətbuatın da inkişafına müsbət təsir edəcək: “Bütün bunlar göstərir ki, jurnalistlərə daim diqqət və dəyər var. Cənab prezident özü qeyd etdi ki, bu dəqiqə jurnalistlərin elə bir imkanları yoxdur ki, onlar öz məvaciblərindən pul toplayıb, qısa müddətdə mənzil ala bilsinlər. Dövlət artıq bu istiqamətdə iş görür. İndi bəllidir ki, ümumdünya maliyyə sıxıntısı yaşanır. Ancaq bu da artıq aradan qalxmaq üzrədir və Azərbaycanda ilin ilk 6 ayında artıq iqtisadi sahədə böyük canlanma oldu. Bu, jurnalistlərin də güzəranına təsir edəcək. Getdikcə jurnalistlərin bütün sosial problemləri həm dövlət tərəfindən, həm də redaksiyaların genişlənən imkanları baxımından öz həllini tapacaq”.






Fikirlər