Nazirlik bəzi əlillərin müavinətinin kəsiləcəyi xəbərinə REAKSİYA VERDİ

Elman Babayev: “Sosial durumu yaxşı olan əlillərə müavinət verilməyəcəyi xəbəri əsassızdır”

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, əlillik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırda bununla bağlı qanun layihələrinin üzərində iş getdiyi vurğulanıb. Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.

“Bunun adı isə fiziki və sosial baxımdan əlilliyin müəyyənləşdirilməsi olacaq”, - deyə parlamentdən bildirilib. Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.

Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqpulunun verilməsində də bir neçə ildir bu praktika tətbiq olunur.  Hazırda bütün ailələrə uşaqpulu verilmir.

Lakin əlillərlə bağlı belə bir addımın atılması narahatlıq doğurub. Azərbaycan şəraitində əngəlli insanların sosial durumunun hansı göstəricilərə görə ölçülməsi də ayrıca bir müzakirə mövzusudur və bu qiymətləndirmə prosesinin korrupsiya üçün yollar açacağı da heç kimə sirr deyil. Belə olan halda qanuna dəyişikliklə bağlı layihənin qəbul olunması sosial narazılığa da gətirib çıxara bilər.

Image result for Vahid Əhmədov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, belə bir dəyişikliyin olacağı ilə bağlı məlumat əsassızdır: “Mən bu xəbəri oxuduqdan sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bu məsələni danışdım. O bildirdi ki, elə bir dəyişiklikdən söhbət gedə bilməz. Əlillərlə bağlı qanunvericilikdə dəyişikliklər olacaq, lakin bu, əlillərin maddi rifahının daha da yaxşılaşdırılmasına yönəldiləcək. Bu iddianı kimin ortaya atmasından xəbərsizəm. Ancaq hesab edirəm ki, bu məlumatın əsası yoxdur”.

Deputatın sözlərinə görə, qanuna elə bir dəyişiklik qəbul edilə bilməz: “Çünki hər il büdcə layihəsi qəbul ediləndə cənab prezident də tapşırıq verir ki, sosial xərclərə toxunulmasın. Hər il büdcədə sosial xərclər, yəni maaş və pensiyalar, sosial müavinətlərlə bağlı ayrılan xərclər artırılır. Dövlət büdcəsinin minimum 30 faizi sosial xərclərə yönəldilir.  Bu baxımdan, əlillərin pensiyası ilə bağlı qanunvericilikdə hər hansı məhdudlaşdırıcı dəyişikliyin ediləcəyini gözləmirəm”.

Image result for İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, dünyanın hər yerində əlilliklə bağlı əngəlli insanlara verilən pozitiv üstünlüklər onların maddi durumu ilə bağlı deyil: “Bu güzəştlərin maddi durumla heç bir əlaqəsi yoxdur. Dövlətin konkret qaydaları olur və özünü sosial  dövlət adlandıran ölkələrdə əngəlli insanların maddi durumu nəzərə alınmır, hamıya eyni qaydada sosial müdafiə tədbirləri görülür. Azərbaycan da özünü sosial dövlət adlandırır, konstitusiyada da bu öz əksini tapıb. Əngəlli insanları maddi durumuna görə ayırmağa başlasaq, Azərbaycan şəraitində bu kriteriyaların müəyyən olunmasına hansısa məmur cavabdeh olsa, o zaman neqativ halların önə çıxması mümkündür. Ona görə də dövlət hər hansı formada  əngəlli insanlara yardım göstərəcəksə, bu yardım maddi duruma bağlı olmadan, ayrı-seçkilik qoyulmadan göstərilməlidir. İstər tibbi yardım, istər sosial yardım dünyanın hər yerində bütün əngəllilərə şamil olunur və heç bir əlavə kriteriyalar tətbiq olunmur. Bu yeni yanaşma birmənalı şəkildə doğru deyil. Bütün əngəlli insanlara eyni qaydalar tətbiq olunmalıdır və bununla da yaranmış problem aradan qalxmalıdır”.

Qarabağ qazisi Rey Kərimoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, narahatlıq doğuran bir məqamdır:“Nədənsə, son illər Qarabağ müharibəsi  əlillərinin, ümumilikdə əlillərin, şəhid ailələrinin narahatlığına səbəb olan addımlar atırlar. Bunu edən şəxslər dövlətçiliyi, Azərbaycanın gələcəyini düşünmürlər, ölkədə narazılıq yaratmaq istəyirlər. Əlillərə verilən pensiya onların maddi durumuna görə deyil, əlillik qruplarına görə verilir. Əlillik qrupları da onların əmək qabiliyyətinin dərəcəsinə görə müəyyənləşir. Məsələn, birinci qrup əlil tam olaraq əmək qabiliyyətsiz şəxsdir. İkinci qrup müəyyən qədər, təxminən 25 faiz iş qabiliyyətini saxlayıb. Üçüncü qrup əlil  50 faiz iş qabiliyyətini saxlayıb. Kateqoriyalar bu şəkildə bölünür, yəni vətəndaşın əmək qabiliyyətini nə dərəcədə itirməsi ilə hesablanırdı.  İndi, görünür, bu qanunda müəyyən dəyişikliklər etmək istəyirlər”.

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevlə də əlaqə saxladıq. O, hələ ki bu qanun layihəsindən xəbərsiz olduğunu bildirdi.

Image result for Elman Babayev

Əlavə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə bu barədə deyilənləri təkzib edib. O deyib: “Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur. Nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib.

Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdırmağa yönəlib".






Fikirlər