Ən çox və ən az MÜRACİƏT olunan vəzifələr AÇIQLANDI

 Ən çox və ən az müraciət olunan vəzifələr AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.

Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.

Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.

Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir.

Mingəçevir regional “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 44 ), Quba “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 38), Mingəçevir regional “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 35 ), Quba “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 33), İqtisadiyyat Nazirliyində məsləhətçi (müraciət edənlərin sayı - 32), Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi (müraciət edənlərin sayı - 32) vəzifələrinə 1 vakant yer üçün 30‑dan yuxarı müraciət qeydə alınıb

Lakin 77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi; Milli Televiziya və Radio Şurası; Gəncə, Şəki Apelyasiya Məhkəmələri; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi; Şirvan, Şəki İnzibati-İqtisadi Məhkəmələri; Füzuli, Tərtər Rayon Hərbi Məhkəmələri; Ağdaş, Ağstafa, Astara, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Kəlbəcər, Laçın, Lənkaran, Qazax, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Ucar, Xaçmaz, Yardımlı, Yevlax Rayon Məhkəmələrinə təqdim olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün müraciət qeydə alınmayıb.

Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə (451 vakant vəzifə) müsabiqə vəziyyəti (0.12) aşağıdır.

Elan olunmuş müsahibələrdə müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək. Artıq sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər.






Fikirlər