Dövlət orqanlarındakı 193 vakant vəzifəyə qəbul üzrə MÜSAHİBƏ ELAN edilib
Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında - ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 193 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Mərkəzdən verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – martın 9-dək davam edəcək. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və martın 9-u saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir. Müsabiqəyə çıxarılmış 193 vakant inzibati vəzifədən 8-i BA vəzifə qrupu, 185-i isə BB vəzifə qrupuna uyğundur. AzerTaym.az