Jurnalistlər PREZİDENTLİYƏ namizədlərin DEBATINA qiymət verdilər: “Onun çıxışında BƏZİ MESAJLAR var”

11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılan namizədlərin İctimai Televiziyadakı debatına birmənalı münasibət yoxdur.

Debatlar həftənin 1, 2 və 3-cü günləri saat 22.00-da başlayır. Debatlara tamaşaçı marağı əvvəlki seçkilərlə müqayisədə xeyli azalıb. Buna həm müxalifətin böyük kəsiminin seçkilərdə iştirakdan imtina etməsi, həm də hazırki namizədlərin sönük çıxışları səbəb olub desək, yəqin ki, yanılmarıq.  

Maraqlıdır, siyasətdən yazan jurnalistlər debatları izləyirmi? Hansı namizədlərin çıxışlarını bəyənirlər, bəyənmədikləri nələrdir...

Modern.az  saytı bu sualla bir neçə jurnalistə müraciət edib.
Müstəqil jurnalist Azər Rəşidoğlu deyib ki, debatlarda namizədlərin texnoloqlarının yoxluğu dərhal hiss edilir:

“Digər tərəfdən,  namizədlərin çıxışlarına verilən reaksiyalar göstərir ki, seçici daha populist vədlərə inanmır. Bu baxımdan, nə Razi Nurullayevin "nüvə silahı" qalmaqalı, nə də "10 min manat" vədi ciddi qarşılanır.  Baxmayaraq ki, Razi Nurullayev daha fəaldır, seçiciyə "işləmək" istəyir, zəif texnologiya isə ona zərbə endirir. 
Qüdrət Həsənquliyev prezidentliyə namizəddən daha çox, deputatlığa namizəd təsiri bağışlayır və çıxışlarını bəyənmirəm, zəif hesab edirəm. 
Fərəc Quliyev nə baş verdiyini anlayır, odur ki, çıxışlarında mövcud reallıqları nəzərə alır, heç kəsi təhqir eləmir və bu, təqdir edilir. O, daha səmimi görünür. 
Zahid Oruc savadlı namizəddir. Lakin çox qarmaqarışıq danışır, nə çıxışı, nə tezisləri yadda qalır. Onun sabiq nazirləri hədəf seçməsi də müstəqil oyunçu olmaması fikrini yaradır”.
A.Rəşidoğlu deyib ki, onun ən çox bəyəndiyi namizəd Sərdar Cəlaloğludur:

“Sərdar Cəlaloğlu ciddi zərbələr endirir. Qırmızı xətti keçmir, lakin tənqidçi elektoratın səsini qazanmağa şanslı siyasətçi kimi görünür. O, öz potensialından tam istifadə etmir. 

Əli Əhmədov zəif təsir bağışlayır, düşünürəm ki, YAP debatda Siyavuş Novruzovla təmsil olunsaydı, daha çox effekt qazana bilərdi. 
Araz Əlizadə qoyulan mövzuları sanki görmür. 90-cı illərin təsirindən çıxa bilmir, yenə də 90-cı illərdə etdiyi çıxışları edir və bu, seçicidə neqativ reaksiya yaradır. 
Hafiz Hacıyevin çıxışları olanda telivizorun səsini aşağı edirəm, ailəmin onun təhqirini eşitməsini istəmirəm, odur ki, onun barəsində heç nə deyə bilmərəm”.
“Strateq.az” saytının redaktoru Xaqani Səfəroğlu düşünür ki, bütövlükdə debatlarda müzakirə edilən mövzular çox yayğındır:

“Bir-iki nəfər istisna olmaqla namizədlər maraqlı çıxışlar edə bilmirlər. Qüdrət Həsənquliyevin çıxışları bir-birini tamamlayır. Yəni mövzu dağılmır və  mövzuya keçidlər normal təsir bağışlayır. 
Sərdar Cəlaloğlunun ritorikasında tənqid güclüdür, amma çıxışları bəzən müəyyən populistliklə qarışdırılır. 
Araz Əlizadə namizəd kimi özünü doğrulda bilmir. Çünki o, Azərbaycan Sosial Demokrat Partiyasının sədridir, yəni ciddi sosial ideologiyası olan partiyaya rəhbərlik edir. Təəssüf ki, Araz Əlizadə çıxışlarını bu ideologiyanın prinsipləri üzərində qura bilmir. Əslində bu namizəd xalqın sosial problemlərini qaldırmağı bacarmalıdır, işçilərin hüquqları, həmkarlar təşkilatları və.s məsələlərlə bağlı çıxışlar etməlidir. Amma əvəzində 80-cı illərin sonlarında Azərbaycanda başlamış hərəkatı təhlil etməyə çalışır və öz şəxsi maraqlarından çıxış edərək bunu izah edir.

Sərdar Cəlaloğlunun partiyası daha çox orta təbəqənin maraqlarını müdafiə edən təşkilat olsa da, debatlarda solçu kimi çıxış edir. Yəni Araz Əlizadənin şüarlarını cəmiyyətə  Sərdar Cəlaloğlu təqdim edir. Bu da siyasi baxımdan qarışıq təəssürat bağışlayır. 
Digər namizədlər də standart çıxışlar edir və effektli təsir bağışlamırlar”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qeyd edib ki,prezidentliyə namizədlər üçün yaradılan seçki öncəsi şərait, xüsusən də TV, radio və rəsmi KİV-də təbliğat imkanları müsbət qiymətləndirilməlidir:

“Bu həm onlara özlərini tanıtmaq, həm də seçicilərə onları tanımaq şansı verir. Əgər namizəd platformasından kənar danışırsa, yalan və görüləsi mümkün olmayan işləri görəcəyini söz verirsə, bu, tamaşaçı-seçici tərəfindən dərhal anlaşılır. Təəssüf ki, prezidentliyə namizədlərin bəziləri bu imkandan sui-istifadə edərək populist çıxışlarla yadda qalmaq istəyir. Bu da mövcud reallıqlar şəraitində uğurlu gediş deyil. Bilirsiniz ki, bu gün insanlar ölkənin imkanlarının nəyə qadir olması barədə daha çox məlumatlıdırlar. Yəni, verilən sözlərdən - vədlərdən daha çox reallığa uyğun qərar verirlər”.
N.Niftiyev konkret namizəd adı çəkmək istəmədiyini deyib:

“Hesab edirəm ki, debatlar bəzi istisnalarla etik çərçivədə davam edir. Qarşılıqlı ittihamlar, söyüşlərlə müşahidə olunmur. Əlbəttə, bunun özü də Azərbaycanda siyasi mədəniyyətin yavaş-yavaş da olsa, formalaşmasına işarədir.

2013-cü il seçkiləri zamanı namizədlər arasında münasibətlər daha gərgin idi. Namizədlər bir-birlərini təhqir edir, özlərinin platformalarından daha çox namizədlərin ailə məsələləri, şəxsi çatışmazlıqlarını qabardırdılar. Sevindirici haldır ki, bu dəfə belə hallar müşahidə olunmur”.
İstiqlal.az saytının rəhbəri Qadir İbrahimli bildirib ki, debatlarda bir neçə tendensiya var: 

“Birinci, höküməti birbaşa müdafiə edən namizədlərdən söhbət gedir. Bunlar YAP-ın namizədi İlham Əliyevin vəkili Əli Əhmədov və deputat Zahid Orucun xəttidir. Onlar birmənalı olaraq hökümətin siyasətini müdafiə edir və təbii ki, neqativlər üzərində dayanmırlar. 

İkinci Razi Nurullayev xəttidir və bu, özünütəsdiqə hesablanıb. Lakin hələ ki bu cəhdlər alınmır. Onun verdiyi mesajlar  bir çox hallarda sosial şəbəkələrdə lağ obyektinə çevrilir. 
Deputat Fərəc Quliyevin iştirakı isə ümumiyyətlə uğursuzdur. Bu namizəd sanki debatları, seçicilərini yola verir və heç bir ciddi mesajı yoxdur. 
Deputat Araz Əlizadə də sanki kiməsə cavab vermək üçün debatlarda iştirak edir. Tarix, fəlsəfədən danışmaqla prosesi yola verir. 
Namizədlərdən Hafiz Hacıyev ənənəvi olaraq kimisə təhqir etməyə daha çox meyllidir. Təbii ki, onun mesajları seçicilər tərəfindən diqqətlə qarşılanmır”.
Q.İbrahimli debatlarda yalnız iki namizədin real mesajlarının olduğunu deyib:

 “Bunlardan biri deputat Qüdrət Həsənquliyevdir. Onun mesajlarında Azərbaycandakı iqtisadi vəziyyət və bu vəziyyətdən çıxış yolları  mövcuddur, çıxışları iqtisadi islahatlar üzərində qurulub. Bu baxımdan Qüdrət Həsənquliyevin çıxışlarını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, islahata maraqlı olan kəs seçkilərdə ona böyük məmnuniyyətlə səs verməlidir. 

Sərdar Cəlaloğlunun da maraqlı siyasi, müxalif yönlü çıxışlarını müşahidə edirik. Mən bu namizədi də təqdir edirəm. Lakin təəssüf ki, Sərdar Cəlaloğlunun çıxışlarında yalnız tənqidçilik var, konkret vəziyyətdən çıxma mesajları yoxdur. Təkliflər paketi yalnız Qüdrət Həsənquliyevin çıxışlarında müşahidə edilir”.

“Musavat.com”un redaktoru Xalid Kazımlı həmkarlarından fərqli olaraq debatları izləmir:

“Namizədlərin çıxışına baxmıram. Amma ertəsi gün bəzi fraqmentlərdən xəbərim olur. Bu debatların nəticəyə heç bir təsiri olmayacağını yüzdəyüz bildiyim üçün tamaşa etmirəm. Ötən prezident seçkilərində daha real mübarizə vardı. Amma indi mübarizə prezident seçilmək üçün deyil, daha yaxşı çıxış etmək, daha çox tanınmaq üçündür”.
“Sputnik Azərbaycan”ın əməkdaşı Ülkər Abdullayeva da həmkarı kimi debatları izləmir:

“Debatlar maraq obyektimdə deyil. Çünki namizədlərin hər biri artıq mənə bəllidir. Onların debatlarda hansı sözlər deyəcəyi, necə çıxışlar edəcəyi məlumdur. Bu baxımdan debatları izləmirəm”.

 






Fikirlər