Ordumuzun 100 İLLİYİ TƏNTƏNƏLİ şəkildə keçirildi

Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan” sarayında təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünün böyük izdihamla qeyd edildiyini deyən Z. Həsənov 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanıldığını, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi "Azərbaycan Ordusu” günü kimi elan edildiyini bildirib: "O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib. 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunmuşdur. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə edib. 1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılıb və Ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilib. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutub. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir”.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir: "Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir. Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək”.

Tədbir geniş bayram konserti ilə yekunlaşıb.

 






Fikirlər