AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ:: Keçilən 100 ilin ƏN GÜCLÜ DÖVRÜ
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür. "AzerTaym.az" Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. 1998-ci il mayın 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub. Hazırda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bu gün Azadlıq Meydanında hərbi parad keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq. Paradda həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək.