Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI...

Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI

Elm və təhsil naziri Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin arasında münasibətlər daha kəskin xarakter alıb. İctimaiyyətin sərt qınağına tuş gələn DİM sədrinin Əmrullayevin təlimatı ilə hədəfə götürüldüyü bildirilir. 

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, nazir Abbaszadəni “yıxmaq” üçün son döyüşə başlayıb. Onun bu dəfəki silahı cəmiyyətdə kifayət qədər hörmət və etibar sahibi olan aparıcı təhsil ekspertləridir. Əmrullayev təhsil dairəsində olan bu şəxslərin vasitəsilə DİM sədrini ictimai rəydə nüfuzdan salmaq və beləliklə də onun gedişini sürətləndirmək istəyir. 

Qeyd edək ki, təhsil ekspertləri DİM sədrini bu dəfə ən zəif yerindən vururlar. Onlar cəmiyyəti inandırmağa çalışırlar ki, Abbaszadə blok imtahanlarının birinci cəhdində abituriyentləri qəsdən çətin suallarla sınağa çəkir. Bu iddia təkcə abituriyentləri deyil, onların valideynlərini də əməlli-başlı qəzəbləndirib. Sosial şəbəkələrdə DİM sədrinin əleyhinə səslənən ittihamlar da bunu sübut edib. 

Məleykə Abbaszadəyə qarşı səslənən digər ittiham isə abituriyentlər vasitəsilə külli miqdarda vəsait əldə etməsi ilə bağlıdır. Blok imtahanlarının ikinci cəhdində təxminən 60 min abituriyentin iştirak etməsi gözlənilir. Bu isə DİM-in büdcəsinə 5 milyon 600 min manatın daxil olması deməkdir. Opponentlər iddia edirlər ki, Abbaszadənin bu addımı əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün ağır zərbədir. 

M.Abbaszadə həm də repititor hazırlığı ilə məşğul olan kursların marağına xidmət etməkdə günahlandırılır. Hətta DİM sədrinin özünün analoji fəaliyyətlə məşğul olan bir neçə hazırlıq kursuna sahib olduğu bildirilir. İddialara görə, Abbaszadə buraxılış və blok imtahanlarının suallarını həmin kursların tədris proqramlarına uyğunlaşdırır. Buna görə də repetitor yanına getməyən ancaq məktəblərin verdiyi təhsillə kifayətlənən abituriyentlər zəif nəticə göstərirlər. 

Məlumatlı şəxs bizimlə söhbət zamanı Emin Əmrullayevin konkret hədəfini açıqlayıb. Onun sözlərinə görə, Əmrullayevin məqsədi Abbaszadəni vəzifədən uzaqlaşdırmaq deyil, bütövlükdə DİM-in ləğvinə nail olmaqdır. O, ləğv olunacaq DİM-in səlahiyyətlərini ələ keçirməklə gələcəkdə nəhəng bir dövlət qurumuna rəhbərlik etməyi hədəfləyir. 






Fikirlər