"Ya ölmək, ya da qaçmaq..." - Rusiya ordusundan qaçan əsgərin dəhşətli xatirələri:
Rusiyanın Ukraynaya qarşı başladığı qanlı və mənasız müharibənin pərdəarxası reallıqları getdikcə üzə çıxır. Bu müharibənin təkcə siyasi deyil, həm də humanitar fəlakət olduğunu sübut edən son etiraflardan biri 34 yaşlı Ufa sakini Anton Şirşinə məxsusdur. Ukraynada altı ay döyüş bölgəsində “evakuator” – yəni yaralı və ölü rus əsgərlərini döyüş meydanından daşıyan şəxs kimi xidmət edən, sonradan isə ordudan imtina etdiyinə görə işgəncələrə məruz qalan Şirşin hazırda Almaniyada siyasi sığınacaq axtarır. Anton Şirşin döyüşə könüllü getməyib. O, yol-nəqliyyat hadisəsindən sonra polisin təzyiqi ilə “xüsusi hərbi əməliyyat”a cəlb olunub. Heç vaxt hərbi xidmət keçməyən, psixiatrik qeydiyyatda olan və “xidmətdə yararsız” kimi qeyd edilən Şirşinə sadəcə belə deyilib: “Yeriyirsən? Deməli, yararlısan!” “Evakuator” kimi xidmət etdiyi günləri “cəza koloniyası” adlandıran Şirşin bildirir ki, gecələr cəbhəyə gedib, 5-6 km məsafədən yaralı və meyitləri daşımaq onların əsas vəzifəsi olub. Bəzən bu marşrut gündə iki dəfə təkrarlanıb – ümumilikdə 20-24 km yol. Daşınan yaralılar (“trixsotı”) tez-tez yolda ölür, “dvoxsotı”ya – yəni meyitə çevrilirdi. “Ən dəhşətlisi dron və minaatan hücumları zamanı yaralıları xərəyin üstündən yerə atmağımız idi. Sağ qalırsa, bəxti gətirirdi. Əsas məsələ xərəkləri geri qaytarmaq idi – çünki yenisi verilmirdi”, – deyə Şirşin xatırlayır. Əsgərlər arasında gizli barter də mövcud olub: meyitlərin üzərindən toplanan avtomatlar 1,5 litr samoqon (evdə hazırlanan spirtli içki) ilə dəyişdirilirdi. Dəhşətli mənzərələri unutmaq üçün içki yeganə təsəlli idi. Əsgərlər dostlarının meyitlərini çiynində daşıyır, sonra içir və ertəsi gün yenidən cəbhəyə qayıdırdılar. Orduda geniş yayılan hallardan biri də “samostrel” – özünü bilərəkdən yaralama idi. Çünki bu, ordudan çıxmağın yeganə yolu sayılırdı. Bir müddət sonra “evakuator”ları da hücuma göndərmək qərarı verilib. Şirşin və digər bir əsgər buna qarşı çıxıb. Cavab olaraq: “Onda sizi obnulit edərik” – yəni yerindəcə öldürərik – deyilərək, “Zaytsevo” adlı “cəza düşərgəsinə” aparılıblar. Orada “rədd cavabı verənlər” üçün nəzərdə tutulmuş zirzəmiyə salınan Şirşin işgəncəyə məruz qalıb. Dəmir alətlərlə döyülüb, ağzına metal parçası salınaraq dişləri çıxarılıb. Üçüncü dişdən sonra sənəd imzalamağa razılaşıb, lakin işgəncələr dayandırılmayıb. Sonda ağzında cəmi üç dişi qalıb. O, bu cəhənnəmdən qaçmağı bacarıb və hazırda Almaniyada yaşayır. Məqsədi yalnız canını qurtarmaq deyil, həm də gördüklərini dünya ictimaiyyətinə çatdırmaqdır. Rusiya ordusunda hökm sürən zorakılıq, qeyri-insani münasibət və insan həyatına laqeydlik onun timsalında bir daha sübut olunur. Anton Şirşinin hekayəsi yalnız bir fərdin faciəsi deyil – bütöv bir sistemin ifşasıdır. Bu, sadəcə müharibə deyil, insan ruhunun və şəxsiyyətinin məhv edildiyi bir “ət maşını”dır. Bu maşından çıxışın yeganə yolu isə – qaçmaqdır. AzPolitika.info