Tikinti ilə bağlı mühüm yenilik - icazə “BİR PƏNCƏRƏ”dən veriləcək
Təzə qayda yerli və xarici investorlar üçün cəlbedicidir; Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sistem hazırdır Azərbaycanda tikintiyə icazələrin verilməsi prosesinin şəffaflaşdırılması üçün vahid pəncərə prinsipi tətbiq olunur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mətbuata verilən məlumata görə, qurum bu sahədə işlərə rəhbərliyi həyata keçirəcək. Qeyd edək ki, tikintiyə başlamaqla bağlı mövcud problemlər Azərbaycanın bir sıra nüfuzlu hesabatlarda mövqeyinə mənfi təsir edirdi. Belə ki, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” reytinq hesabatında ölkəmizin mövqeyinin pisləşməsinin qeydə alındığı 3 istiamətdən biri məhz tikintiyə başlama göstəricisiydi. Bu göstərici üzrə Azərbaycan 190 ölkə arasında 161-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması üçün ötən ildən başlayaraq bir sıra işlər görülüb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Yeni Müsavat”a verilən məlumata görə, görülən işlər nəticəsində sahibkarların elektrik enerjisinə qoşulması və biznesə başlaması sahələrində də bir sıra dəyişikliklər edilib, proses daha da sadələşdirilib ki, bu da tikinti obyektinin tikintisinə və istismarına icazə alınmasına öz təsirini göstərib: “Belə ki, elektrik enerjisinə qoşulma üçün cəmi prosedurların sayı 7-dən 3-ə endirilib, eləcə də elektrik enerjisinin əldə olunması üçün sərf edilən günlərin sayı 69 gündən 24 günə azaldılıb. Həmçinin sahibkarın biznesə başlaması üçün ümumilikdə 2 prosedurla 2,5 gün ərzində prosesin tamamlanması imkanı yaradılıb. Əlavə olaraq, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsi artıq onlayn olaraq qısa zaman ərzində həyata keçirilir”. Mərkəzdən bildirildiyinə görə, “Doing Business 2019" hesabatı üzrə, Azərbaycanda bir çox sahələrdə davamlı islahatlar həyata keçirilib. ”Doing Business" hesabatına uyğun olaraq, “Tikintilərə icazələrin alınması” indikatoru istiqamətində də 2017 və 2018-ci illərdə bir sıra islahatlar tətbiq edilib və əsaslı dəyişikliklər həyata keçirilib. Belə ki, ölkədə tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə prosedurların sayı səkkizə endirilib. Bu sahədə ən mühüm yeniliklərdən biri BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində (bir neçə gün öncə Dövlət Tikinti və Arxitektura Komitəsinin tabeliyinə verilib) tikinti icazələri üzrə “Bir pəncərə” sisteminin formalaşdırılması olub. Bir neçə ay əvvəl təqdimatı keçirilən sistem belə idi ki, tikinti niyyəti olan fiziki və ya hüquqi şəxs tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, habelə tikintinin icazə verilən müvafiq parametrləri və bu kimi digər ilkin məlumatların əldə olunması, sualların cavablandırılması məqsədilə obyektin təyinatını göstərməklə, “Bir pəncərə”yə müraciət edə bilərdi.
“Bir pəncərə”də Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, ASAN Kommunal, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələri təmsil olunur. Beləliklə, sahibkarın (sifarişçi) “Bir pəncərə”yə fiziki və ya online qaydada elektron müraciəti əsasında tikintiyə icazələrin alınması üzrə icraat prosesinə başlanılır. Belə ki, sahibkar birinci mərhələdə tikinti obyektinin layihələndirilməsini həyata keçirməlidir. Sifarişçinin tapşırığı əsasında müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxs vasitəsilə mühəndis axtarış işləri aparıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 10 gün ərzində rəy verilir və eyni zamanda müvafiq lisenziyalı şirkət tərəfindən tikinti layihəsi hazırlanır. Sonrakı mərhələdə, sifarişçi tələb olunan sənədlər ilə ərizə ilə müraciət etdikdən sonra sənədlərin təqdim olunması və yoxlanılması təmin edilərək icazənin verilməsi həyata keçirilir. Ekspertiza tələb olunmadıqda ekspertizası tələb olunmayan tikinti obyektləri üçün 15 gün ərzində tikintiyə icazə verilməsinə dair qərar qəbul olunur. Qeyd olunan müddət ərzində icra hakimiyyəti orqanı tərəfindən ekspertizası tələb olunmayan tikinti obyektləri üçün aidiyyəti qurumlardan 5 gün ərzində rəy, eyni zamanda 10 gün ərzində “ASAN Kommunal” mərkəzlərindən bir sorğu vasitəsilə texniki şərtlər əldə edilir. Tikintiyə icazə əldə olunduqda isə Bakı Şəhər İcra Hakimiyyəti, “Bir pəncərə” tərəfindən qərarın sürəti və Xüsusi nişan sahibkara təqdim olunur.
Tikinti obyektinin inşasına başlanıldıqdan sonra isə tikinti prosesinin normativ sənədlərin tələblərinə əməl olunaraq icra edilməsini təmin etmək məqsədilə tikintiyə dövlət, müəllif, texniki və daxili əməliyyat nəzarətləri həyata keçirilir. Tikintiyə dövlət nəzarətini həyata keçirən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən müəllif, texniki və daxili əməliyyat nəzarətlərinin icra edilməsinə nəzarət olunur və tikinti-quraşdırma işlərinin normativ tələblərə uyğun aparılmasına dair “istismara hazırlıq aktı” tərtib olunur. Eyni zamanda ASAN xidmətlərin nəzdində Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinq həyata keçirilir. Həmçinin çoxmənzilli yaşayış binalarının və tikinti ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılır və aparılır. Sonuncu mərhələdə isə qanunvericiliyə əsasən müəyyən olunmuş müvafiq sənədlər icra hakimiyyəti orqanına (hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə) təqdim olunur və 20 gün ərzində istismara icazənin verilməsi haqqında qərar qəbul olunur. İstismara icazə alındıqdan sonra isə tikinti obyekti 10 gün ərzində “Daşınmaz Əmlakın Dövlət Reyestri”nə daxil olunur və çıxarış əldə edilir. Bundan başqa, “Doing Business” hesabatında “Tikintiyə icazələrin alınması” indikatoru üzrə metodologiyada qeyd olunan tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1300.6 kvadratmetrdən, tikinti sahəsi 929 kvadratmetrdən ibarətdir. Uyğun olaraq isə Şəhərsalma və Tikinti Məcəlləsinə 2017-ci il 16 may tarixli, 89-cu maddəyə edilən dəyişikliklərə əsasən, hesabatda qeyd olunan göstəricilərdən daha səmərəli olaraq, tikinti layihəsi ekspertiza tələb olunmayan tikinti obyektlərinin siyahısına yerüstü mərtəbələrin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binaları da əlavə edilib. Mərkəzdə hesab edirlər ki, tikinti icazələri üzrə “Bir pəncərə” prinsipi əsasında proseslərin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və sürətləndirilməsi, eyni zamanda proseslərin icrası zamanı müvafiq olaraq tələb olunan günlərin sayının xeyli azaldılması və bu kimi bir sıra digər yeniliklər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təsir göstərir: “Xarici investorlar tərəfindən dəyərləndirilən beynəlxalq reytinq hesabatları, o cümlədən ”Doing Business" hesabatında ölkənin mövqeyinin irəliləməsi, ölkədə münbit investisiya mühitinin mövcud olduğunu əks etdirir. Bu isə öz növbəsində yerli və xarici investorların investisiya layihələrinin ölkəyə cəlb olunmasına önəmli təkan verəcək, nəticədə isə ölkəyə kapital axınının və məşğulluğun artmasına şərait yaradacaqdır". Onu da qeyd edək BŞİH-in keçmiş idarəsində yaradılan “Bir pəncərə” sistemi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Yəqin ki, komitə yaradılan hazır sistemdən uğurla bəhrələnə biləcək.