Həyət evlərinin tkintisi ilə bağlı mühüm qanun – Dəyişikliklər qüvvəyə mindi
Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının sifarişçiyə cavab vermə müddəti qısaldılır. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq, qəbul edilib. Dəyişikliyə görə, sifarişçinin tikintiyə başlamazdan əvvəl bununla bağlı verdiyi məlumata müvafiq icra orqanından daha qısa zamanda cavab tələb olunacaq. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu zaman tələblərə uyğunluğunun yoxlanılması məqsədilə həmin obyektlərin layihəsinin baş planını, habelə torpaq üzərində olan mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini icra orqanına təqdim edir. Layihədə təklif edilir ki, müvafiq orqanlar mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün 10 gün müddətində (hazırda 1 ay) layihəyə dair iradlarını sifarişçiyə təqdim etməzsə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda isə onlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Layihəyə əsasən, müvafiq orqanlar insanların yaşaması və toplanması, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin sayı 3 metrdən, ümumi sahəsi 1400 kvadrat metrdən və tikinti sahəsi 1000 kvadrat metrdən çox olmayan tikinti obyektlərinin inşası üçün baş ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 aya layihəyə dair iradlarını sifarişçiyə təqdim etməlidir. Hazırda isə belə obyektlərin inşası üçün ümumilikdə 1 ay müddətində iradlar təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər. Layihədə Məcəlləyə əlavənin edilməsi də təklif olunur. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı qeyd edilən müddət bitdiyi vaxtdan 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin inşası başa çatdıqdan sonra sifarişçi bu barədə müvafiq icra hakimiyyəti orqanına ya poçtla, ya da bilavasitə özü məlumat təqdim edir. Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin inşasına icazənin alınması tələb olunmur. Yuxarıda qeyd edilən obyektlərin tikintisi üçün də məlumatlandırma icraatı həyata keçirilir. APA