İnsanlar yerin altına girir
Qiyamətin 21 dekabrda qopacağı ilə bağlı fikirlər insanlar arasında təşvişə səbəb olub. Тikinti şirkətləri daha çox bunker, zirzəmi və yeraltı sığınacaq tikintisi ilə bağlı sifarişlər aldıqlarını deyirlər.
Rusiyanın “Delüks Bunker” şirkətinin direktoru Artur Tolasov bu ilin 11 ayı ərzində yer altı sığınacaqların tikintisi ilə bağlı ötən illə müqayisədə 2 qat artıq sifariş aldıqlarını bildirib. O, bu cür sifarişləri sırf 21 dekabrla əlaqəli olduğunu da dilə gətirib. “Biz sifarişçi ilə müəyyən söhbətlər aparırıq. Onun bu cür sığınacağa nə üçün ehtiyacı olduğunu dəqiq bilməyə çalışırıq ki, sifarişi düzgün icra edək. Məlum olur ki, insanlarda 21 dekabr ajiotajı var”.
Bununla belə, tikinti şirkətləri də hansı səbəbdən olmasına baxmayaraq, artan tələbdən narazı görünmürlər. Tikinti şirkətləri özləri də etiraf edirlər ki, onlar müştəriləri bu cür sığınacaqlar sifariş etməyə təşviq edirlər. Məsələn müştəriyə deyilir ki, hətta dünya dağılmasa belə, o, tikdirdiyi sığınacağı, idman zalı, saxlanc yeri, qaraj və digər təyinatlarla istifadə edə bilər. Bu isə sifarişçini bir azda qətiyyətli olmağa vadar edir.
Tələbin artması ilə əlaqədar tikinti şirkətləri təkliflərini də artırıblar. Demək olar ki, fantastik sayıla biləcək ölümsüzlük bunkerləri belə təklif edirlər. Hətta nüvə silahının təzyiqinə davam gətirən bunkerlər tikə biləcəklərini belə şirkətlər iddia edir.
Bununla belə sadə bir fakt nəzərdən qaçır. Əgər söhbət qiyamət günündən gedirsə, birincisi müqəddəs kitabımıza görə qiyamətin vaxtı yalnız Allaha məlumdur. İkincisi isə qiyamət qoparsa, heç kim və heç nə xilas ola bilməz!