Türkiyə Putinə təzyiq edəcək
“Reuters” agentliyinin İstanbuldan verdiyi xəbərdə deyilir ki, Türkiyə gələn həftə Rusiya prezidenti Vladimir Putinə Suriya prezidenti Bəşər Əsədlə bağlı təzyiq edəcək.
Agentlik xatırladır ki, Putinin Türkiyə səfərindən istifadə edən rəsmi Ankara Rusiyanı inandırmağa çalışacaq ki, Əsədin gedişi ilə Moskva Suriyada çox şey itirməyəcək. Türkiyə yeni Suriyada Moskvanın maraqların təmin etməyə çalışacaq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinin həllində Vladimir Putini açar fiqur hesab edir.
Agentlik xatırladır ki, Moskva 3 dəfə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qərarlara veto qoyub. Nəticədə Türkiyə, Qərb və Ərəb dünyasının BMT-dən üsyançılara dəstək almaq istəyi uğursuzluqla üzləşib. Qərbin təzyiqinə baxmayaraq Rusiya iddia edir ki, Əsədə qarşı çıxanlar arasında cihada meyilli və radikal islamçı qüvvələr üstünlük təşkil edir. Onlar iqtidara gəlsə Suriyanın siyasi sistemin islamlaşdıracaqlar.
Türkiyə bu məsələdə Rusiya ilə “win-win situation” (hər iki tərəfin qələbəsi) əldə etməyə çalışacaq.
Agentlik bildirir ki, Türkiyə ilə Rusiya arasında ticarət sahəsində dərin iş birliyi olsa da siyasi münasibətlərdə ciddi gərginliklər də var. Bu səfərdə bu gərginliyin aradan qaldırılmasına cəhdlər olacaq.
Rusiya Türkiyədə atom elektrik stansiyası tikməyə hazırdır. Rusiyada da çoxsaylı türk tikinti şirkətləri çalışır.
Agentlik Rusiya qazının Türkiyədən keçərək Avropaya satılacağına da diqqət çəkir və vurğulayır ki, Ərdoğanla Putinin düşüncəsində başqa iri layihələr də var. Bunlar da liderlərin görüşündə müzakirə olunacaq.