Rusiyada yaşayan həmvətənlərimizin 21 dekabr qorxusu
21 dekabrda Qiyamətin qopacağı, 3 gün Günəşin olmayacağı və insanların qaranlıqda qalacağı barədə yayılmış şayələrdən sonra Rusiyada vəziyyət qarışıb. Azertaym.az xəbər verir ki, 21 dekabr məsələsi ilə əlaqədar artıq rəsmi Moskva və Dövlət Duması əhalini sakitləşdirmək üçün bir neçə dəfə bəyanatla çıxış etsə də, bunun bir xeyri olmayıb.
Moskvada yaşayan azərbaycanlılardan aldığımız məlumata görə, insanlar qorxu içində yaşayır və əksəriyyət dükanlara axışaraq, quru yeməklər və ərzaq almağa başlayıblar. Bundan başqa, paytaxt əhli şəhəri tərk edərək, yaxınlıqdakı kəndlərdə məskunlaşmağa çalışırlar.
Rusiyada yaşayan soydaşlarımız da qorxu içindədir. Azertaym.az-a məlumat verən azərbaycanlılar deyiblər ki, artıq bilet alaraq ölkəyə qayıtmağa hazırlaşırlar. Onlar deyiblər ki, 21 dekabrda Qiyamətin qopacağına çox inanırlar və bu səbəbdən də həmin günə qədər Azərbaycana gələrək, ailələri ilə birlikdə olmaq istəyirlər.
Maraqlı məqam odur ki, dekabrın 10-dan 20-nə qədər Bakıya doğru hərəkət edən bütün nəqliyyat vasitələrinə biletlər qurtarıb. Çünki soydaşlarımız xeyli sayda bilet sifariş veriblər.
Bu azmış kimi, Rusiyada maşını olan soydaşlarımız da yola çıxmağa hazırlaşırlar. Onlar şəxsi maşınları ilə dekabrın 21-nə kimi sərhəddi keçmək istəyirlər.