Rusiyada bazarlar niyə bağlanır?

Rusiyada bazarlar niyə bağlanır?
İlqar Hacıyev: “Bağlanan bazarların yerində yeni ticarət mərkəzləri tikiləcək ki, burada azərbaycanlılar da işləyə biləcək”

Rusiyada azərbaycanlıların da işlədiyi 300-ə yaxın bazar və yarmarkaların bağlanması nəzərdə tutulur. Azertaym.az xəbər verir ki, bu barədə ANS-ə məlumat verən Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin sədri İlqar Hacıyev deyib ki, bağlanan bazarların yerində yeni ticarət mərkəzləri tikiləcək ki, burada azərbaycanlılar da işləyə biləcək.
Artıq Şəhər Dumasında qərar verilib ki, metroların qarşısında olan yarmarkalar, bazarlar yığışdırılsın. Moskva əhalisi də bu barədə merə müraciət edib və qərara alınıb ki, bazarlar Moskvadan kənarlaşdırılsın.
İlqar Hacıyev hesab edir ki, bazarların bağlanması Rusiyadaki azərbaycanlılara elə də təsir göstərməyəcək. Çünki, onlar artıq öz bisneslərini qurublar.
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada təxminən 1.5 milyon, rəsmi məlumatlara görə isə 650 000-ə yaxın azərbaycanlı var. Moskva bazarlarında işləyən soydaşlarımız ölkəmizə orta hesabla ayda təxminən 140-150 dollar pul göndərir. Ümumilikdə isə onların hesabına hər il Rusiyadan Azərbaycana təxminən 720 milyon dollar vəsait daxil olur.
Rusiyada millətçi, separatçı qüvvələr tərəfindən oradaki soydaşlarımıza qarşı edilən təzyiqlərlə bağlı məsələyə münasibət bildirən konqres sədrinin sözlərinə görə, bu problem Rusiya dövlətindən qaynaqlanmır və Rusiya rəhbərliyi bu məsələyə çox ciddi yanaşır: “Milliyyətçilik məsələlərini gündəmə gətirənlər əslində dövlətə qarşı çıxmış olur və Prezident Administrasiyasında milli məsələ ilə bağlı artıq Sovet yaradılıb”.






Fikirlər