DƏNİZə hasar çəkənlərin özlərinə sökdürəcəklər
Azərbaycanda sahilboyu əraziləri hasara alan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq və bununla bağlı qanun layihəsi təsdiqlənmək üçün artıq Prezident Administrasiyasına göndərilib. “AZƏRTAC” bu xəbəri deputat Çingiz Qənizadəyə isnadən yayıb.
Bu məsələ ilə bağlı “Torpaq Məcəlləsi”nə dəyişikliklər edilib. Məcəlləyə əsasən, Xəzər dənizinin Azərbaycan hissəsinin sahil boyu 20-50 metrlik zolağında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Belə addım atan şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Sahilboyu ərazinin 20-50 metr zonasında torpağı kiməsə satmaq, bağışlamaq olmaz. Bu yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər. Məcəllənin tələbinə görə, bu əraziləri zəbt edən və ya alğı-satqısı ilə məşğul olan şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati məsuliyyətdən əlavə, həmin əraziləri zəbt edənlər, hasarlayanlar öz hesablarına sökməli və əvvəlki vəziyyətə qaytarmalıdırlar.
Bununla yanaşı Xəzər dənizinin Azərbaycana aid bölməsinin sahil boyu 20-50 metr zolağının altında olan torpaq sahəsi hasarlana və digər üsullarla bağlanıla bilməz. Məcəlləyə görə, həmin ərazilərə gediş-gəliş yalnız dövlətin iqtisadi və təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yalnız məhdudlaşdırıla bilər.
“Torpaq Məcəlləsi”nin 46-cı maddəsinə əsasən, bir sahil boyunca gediş-gəliş üçün hər 100 metrdən bir eni 6 metrdən az olmayan yol qoyulmalıdır. Ərazi hətta dövləti təhlükəsizliyi üçün hasarlansa da belə yuxarıdakı qayda qüvvəsində qalır.
Qeyd edək ki, “Torpaq Məcəlləsi haqqında” qanuna dəyişikliklər 18 dekabr 2015-ci il dekabrın 18-də edilib.