“Xəzər günü” tədbirlərlə qeyd olunub
"AzerTaym.az" saytı Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki,Müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatları və özəl sektorun iştirakı ilə ETSN-də keçirilən görüşdə Xəzərin ekoloji problemləri və görülən işlər təhlil edilib, eyni zamanda ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi aparılıb.
Nazirlikdə baş tutan digər bir maarifləndirici tədbirdə “Ekosfera” İctimai Birliyi ilə birgə gənclər və yeniyetmələr də iştirak edib. Onlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, görülmüş işləri əks etdirən film nümayiş etdirilib, viktorina və rəsm müsabiqəsi keçirilib. Sonra yeniyetmələr və gənclər Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.
Eyni vaxtda Novxanı çimərliyinin sahilboyu zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif qurumları və ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilib.Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə baş tutan aksiya zamanı 2 hektar ərazi tullantılardan təmizlənib. Təmizlik aksiyaları eyni zamanda regionlarda, ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Xəzərin sahil zolağı ərazilərində də təşkil olunub.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.