Ekologiya Nazirliyi Xəzərdə balıqların kütləvi ölümünə münasibət bildirdi
"AzerTaym.az" Modern.az-a istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova havaların isti keçməsi ilə əlaqədar Xəzər dənizinin Mahaçqala hissəsində balıqların kütləvi ölümünün baş verməsinə və eyni halların Xəzərin Azərbaycan sektorunda müşahidə edilib-edilməməsinə münasibət bildirirəkən Trend-ə deyib.
İ.İbrahimova bildirib ki, Xəzər dənizinin şimal hissəsi Orta və Cənubi Xəzərə nisbətən daha az dərinliklərlə xarakterizə olunduğundan suyun hərarətinin kəskin yüksəlməsi burada oksigen qıtlığı və balıqların ölümü ilə nəticələnə bilər: “Ümumiyyətlə, yay aylarında isti hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar balıqlarda oksigen aclığı baş verir və balıqlar oksigen catışmazlığı və istidən tələf olurlar. Xəzərin Azərbaycan hissəsində balıqların ölümü faktı qeydə alınmayıb”.
Xəzərin Azərbaycan sektorunda balıqların ölümü faktının qeydə alınmamasının səbəbini açıqlayan İ.İbrahimova əlavə edib ki, Azərbaycanda isti hava şəraiti Dağıstanla müqayisədə daha tez müşahidə edilir: "Nəticədə Xəzərin Azərbaycan sektorunda sular daha tez qızmağa başlayır. Balıqlar da aktiv üzən su bioresurslarına aid olduğundan öz miqrasiya yollarını dəyişib daha dərin suları seçiblər və ya şimala doğru gediblər. Mütəxəssislərin rəyinə görə havalar isti olduğundan balqıların ölümü tam təbiidir. İsti yay günlərində belə hallar baş verə bilər".
Xatıqladaq ki, Rusiya Balıqçılıq Qərbi Xəzər Ərazi İdarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov Rusiya mətbuatına verdiyi açıqlamada anomal hava şəraiti ilə əlaqədar Xəzər dənizində balıqların kütləvi məhvinin baş verdiyini söyləyib. Onun sözlərinə görə, ölən balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilməyib. Anomal istilərdən başqa, oksigen çatışmazlığı da balıqların məhvinin səbəbi kimi göstərilir.