12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür
Qeyd edək ki, Konvensiyanın imzalanması üçün BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq uzun illik hökumətlərarası danışıqlar aparılıb və nəhayət Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.
"AzerTaym.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,bundan sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.
Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq, həmçinin “Tehran Konvensiyası” kimi də tanınan Saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına, o cümlədən bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib.
“Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd də dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Bununla əlaqədar Azərbaycanda da hər il “Xəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyyətin nümayəndələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.