Bu şəxslər VƏZİFƏDƏ qalmaq üçün imtahan verməlidirlər - 5 İLDƏN BİR
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Dövlət qulluğu haqqında" qanuna edilməsi nəzərdə tutulan yeni dəyişikliklərdə öz əksini tapır.
Qanuna yeni əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, dövlət qulluğuna qəbul müsabiqə əsasında (test imtahanı və müsahibə) keçirilir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanlarını ayda bir dəfədən az olmayaraq keçirir. Test imtahanında iştirak üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə onun inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bu qanuna uyğun olaraq bir necə dəfə sertifikat ala bilər.
Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq irəli çəkə bilər. Dövlət qulluqçusunun aldığı sertifikatın müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə onun dövlət qulluğuna xitam veriləcək.
Yeni layihədə dövlət qulluqçusunun attestasiyasının keçirilməsi də ləğv edilir.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanuna yeni dəyişikliklər Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.