AVROPANIN “inqilab paytaxtı”ndakı soydaşlarımızdan MARAQLI AÇIQLAMALAR

Mirvari Fətəliyeva: “Aksiyaların Rusiya və ya ABŞ tərəfindən təşkil olunduğu barədə deyilənlər şayiədir”; Elnur Məcidli: “Nümayişlərin təşkil olunmasında kommunist kökənli siyasətçi Jan-Lük Melanşonun rolu və marağı danılmazdır”

Fransanı qiymət artımı ilə bağlı bürüyən etirazlar səngimək bilmir. “Sarı jiletlilər” adlanan bu hərəkata sarı köynək geyinib qoşulanların sayı durmadan artır. Artıq Avropanın bir sıra qabaqcıl ölkələrini də nümayişlər ağuşuna alıb.

Fransanın aksiyaçılar qarşısında bəzi güzəştlərə getməsi, hətta prezident Emmanuel Makronun xalqın önünə çıxaraq bir sıra vədlər verməsi də etirazların qarşısını almadı.

Fransada yaşayan soydaşlarımızla oradakı son durumla bağlı əlaqə saxladıq.

 

Mirvari Fətəliyeva ile ilgili görsel sonucu

Paris-Azərbaycan Evi Təşkilatının rəhbəri, Azərbaycanın  Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva “Yeni Müsavat”a açıqlamasında vəziyyətin hələ də gərgin olduğunu söylədi: “Hələ də vəziyyət tam olaraq sabitləşməyib. Dekabrın 10-da Makronun xalqa müraciəti oldu. Makron müəyyən təkliflər irəli sürdü. Lakin  bu təkliflərə baxmayaraq, ”sarı jiletlilər"in bir hissəsi hələ də bu aksiyanı davam etdirmək niyyətindədir. Bir hissə Makronun təklifləri ilə razılaşsa da, əsas hissə bu təkliflərin yetərli olmadığını düşünür. Burada aksiyaçıların milliyyəti məsələsi o qədər də önəmli deyil. İstər fransız, istərsə də qeyri millət olsun, sosial durumdan kim narazıdırsa, öz etirazını ifadə edir. Bu aksiyalarda müxtəlif təbəqələrin nümayəndələri iştirak edirlər. Polislərin müəyyən mərhələlərdə etirazçılara qarşı güc tətbiq etdiyinin şahidi olduq. Onu da deyim ki, “sarı jiletlilər” adı altında müəyyən dağıdıcı qüvvələr də var. Onlar şəhərdə asayişi pozurlar. Əhali üçün təhlükə yaradan bu qüvvələrə polislər güc tətbiq etməyə məcburdurlar. Müəyyən hallar da oldu ki, polislər dinc nümayişçilərə də şübhə ilə yanaşmağa başladılar. Aksiyaların Rusiya və ya ABŞ tərəfindən təşkil olunduğu barədə gəzən söz-söhbətlərin şayiə olduğunu düşünürəm. Baş verən hadisələr doğrudan da son illərdə əhalinin sosial durumunun ağırlaşması ilə əlaqədardır. Mən 17 ildir burada yaşayıram və yaxından şahidiyəm ki, baş verənlər normal bir prosesdir".

Ä°lgili resim

Parisdə yaşayan blogger Elnur Məcidli isə dedi ki, Fransada yaranmış sosial narazılığın kökündə alıcılıq qabiliyyətinin nisbətən aşağı düşməsi və artan vergilər dayanır: “Bu, sadəcə, Makronun hakimiyyəti dövründə yaranmayıb, hələ Sarkozinin prezident olduğu dövrdən bu problemlər mövcud idi. Həmçinin sonrakı prezident Fransua Hollandın apardığı qeyri-taraz sosial siyasət də vergi artımına səbəb olmuşdu. Yəni bu sosial narazılıqları illərdir artan və əlavə edilən yeni vergilər qarşısında xalqın səbir kasasının daşması kimi də görmək olar. Bu bir günə, bir həftəyə, yaxud bir aya formalaşmış narazılıq deyil, illərdir yığılan narazılığın partlamasıydı.

Təbii ki, yanacağa əlavə vergilərin tətbiq edilməsinin açıqlanması bu sosial partlayışın ilk qığılcımı oldu. Lakin insanlar illərdir minimum əmək haqqının artırılmasını tələb edirdilər. Bu cür sosial etirazlar Fransa üçün ilk deyil, yaşadığım 15 il ərzində dəfələrlə bənzər aksiyaların, etirazların şahidi olmuşam. Fransa cəmiyyəti üçün bu cür hadisələri təbii saymaq olar. Nəzərə alsaq ki, Fransa həm də inqilabların vətənidir, bu cür hadisələrə təəccüblənmərik. Bir şeyi də qeyd etmək lazımdır ki, Avropada bu cür kütləvi sosial narazılıqlar adətən Fransada başlayır, sonra digər ölkələrə yayılır. Fransada sarı gödəkçə aksiyaları başlayandan bəri Belçika, Hollandiya, Almaniya kimi ölkələrdə minimum əmək haqqı, işçi haqları, sosial haqlar kimi məsələlər aktiv olaraq müzakirə olunmağa başladı. Aksiya keçirmək demokratik bir haqdır, heç kim çevriliş etmək üçün küçəyə çıxmır. Makronun istefa verəcəyini düşünmürəm, indiki halda onun davam etməsi ən uyğunudur. Çünki sosial narazılıqlar fonunda, sadəcə, millətçi qruplar hakimiyyətə gələ bilər, bu da Fransaya xeyir gətirməz. “Sarı gödəkçəlilər” adlanan bu aksiyada iştirak edən Fransa xalqı, Fransa vətəndaşlarıdır. Bu, əslində çoxluq təşkil edən, vergilərlə sıxışdırılmış, bir növ orta təbəqənin aksiyasıdır. Aksiya keçirənlər arasında işçilər də var, kiçik şirkət sahibləri də. Nümayişlərin təşkil olunmasında kommunist kökənli siyasətçi, “Fəth edilməz Fransa” hərəkatının lideri Jan-Lük Melanşonun rolu və marağı danılmazdır. Bu partiyaya və liderə yaxın qruplar, təşkilatlar, assosasiyalar sarı gödəkçə aksiyasının davam etməsinə ciddi dəstək verirlər. Lakin bir şeyi unutmamalıyıq ki, bu partiya nə qədər sol partiya olsa da radikallıq və milliyətçilik barındırır, bu qəbul edilməzdir.

Bu aksiyalarda iştirak edən xaricilər, xarici əsilli fransız vətəndaşları, həmçinin azərbaycanlılar da var. Qırıb dağıtmadan, sadəcə, öz haqqını tələb etmək üçün keçirilən hər bir yürüş, nümayiş, mitinq hər kəsin demokratik haqqıdır, bunu hamı başa düşür. Yəni nə qədər qıraqdan atəşli görsənsə də, narazılıq edənlərin böyük əksəriyyəti təmkinli davranır, qırıb tökən, aqressiv davrananlar azlıq təşkil edir. Lakin bu bir ümumxalq aksiyasıdır. Bir azərbaycanlı, bu ölkədəki Azərbaycan diasporu üçün Makronun və onun partiyasının hakimiyyətdə olması, onun marağını təmin etməsi əsasdır.

İmkan vermək olmaz ki, Fransada radikal sağ və ya sol qruplar hakimiyyətə gəlsin. Bu mənada azərbaycanlılar daha təmkinli yanaşmalıdırlar. Həmçinin türk diaspora təşkilatlarının da sayları bir neçə yüzmini təşkil edən türklərə müraciəti də bu yöndədir. Aksiyalarda polis zorakılığı baş verir, bu qəbuledilməzdir. Lakin mağazalara, şəxsi əmlaklara zərər vurulması, maşınların yandırılması da doğru etiraz növü deyil, aqressivlik hər iki tərəfə də ziyan verir. Dialoqla yol tapmaq ən uyğunudur. Makronun xalqa müraciəti də məhz buna hesablanmışdı.

Makron sosial narazılıqları anlayır və dialoq təklif edir. Bu narazılıq bir daha deyirəm ki, onun dövründə yaranmayıb, sadəcə, partlaq verib.

Fransada hazırda minimum maaş 1500 avrodur, vergilər çıxdıqdan sonra təxminən 1200 avro işçinin əlinə gəlir, yəni təxminən 2400 manat. Bir işçi əmək müqaviləsi ilə çalışır, gündə 7, həftədə 35 saat olmaqla, ayda 140 saat işləyir və minimum 1200 avro maaş alır.

Makron son çıxışında yanvar ayından etibarən bu məbləğin 100 avro artılacağını söylədi, beləliklə, bir işçi aylıq minimum 2600 manat maaş alacaq. Həmçinin Makron iş sahiblərinə, öz işçilərinə il sonu mükafat vermələrini istədi. 2 min avronun altında təqaüd alan yaşlıların əmək təqaüdlərinin (pensiya) artılacağını bildirdi. Həmçinin yanacağa əlavə edilməsi nəzərdə tutulan yeni vergi də bu il üçün ləğv edildi. Təbii ki, etirazçılar bunu yetərli görmür, etirazları bir müddət də davam etdirəcəklər. Amma bu etirazların zamanla səngiyəcəyini düşünürəm. Yanacağa əlavə edilən vergi sırf təbiəti qorumaq məqsədi daşıyırdı. Ola bilsin ki, hansısa ölkələr bu hadisələri yaxından izləsin, bu hadisələri fürsət bilib, öz maraqlarını ortaya qoysun. Lakin bilinməlidir ki, bu aksiyaların arxasında sadəcə və birmənalı olaraq Fransa xalqı durur, bunu başqa yerə, xarici qüvvələrə yozmaq gülüncdür, doğru deyil".






Fikirlər