UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib - FOTO
UNEC-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib. "AzerTaym.az" bildirir ki, UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını və Təhsil nazirinin müvafiq əmrini əsas tutaraq, UNEC rektoru BDU-nun 100 illik yubileyinin keçirilməsi barədə əmr imzalayıb. Yubiley tədbirinin sərəncamdan irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor, yubiley münasibətlə ali təhsil müəssisələrində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Professor Sakit Yaqubov BDU-nun inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən professor Sakit Yaqubov qeyd etdi ki, Bakı Dövlət Universiteti yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirmişdir. Dünya şöhrətli siyasətçisi, ümummilli lider Heydər Əliyevin də məhz bu ali təhsil ocağının məzunu olduğunu diqqətə çatdırıb. UNEC-in “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyeva BDU-nun tarixindən söz açıb. BDU-nun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu qeyd edən professor, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən birinin məhz BDU-nun yaradılması olduğunu vurğulayıb. Azərbaycanın dövlətçilik tarixi kontekstində AXC-nin təhsil sistemində yeni bir dövrün başlanğıcını qoyduğunu, bu qərarın qəbul edilməsində ölkənin maarifpərvər ziyalılarının bütün təzyiqlərə baxmayaraq, müstəsna fədakarlıq nümayiş etdirdiklərini vurğulayıb. “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov Bakı Dövlət Universitetinin yaradılmasının böyük tarixi önəm daşıdığını, bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağının daha da artdığını bildirib. Universitetin inkişafında yeni keyfiyyət mərhələsinin məhz Azərbaycan xalqının ümumimilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyən professor, ulu öndərin rəhbərliyi dövründə elmimizin, təhsilimizin, mədəniyyətimizin məbədi olan BDU-yə xüsusi həssaslıqla yanaşdığını bildirib. Tədbirdə “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov BDU-nun yaranma tarixinə nəzərə salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ilk gündən qarşılaşdığı iqtisadi və siyasi problemlərdən söz açıb, lakin buna baxmayaraq AXC-nin xalqın maariflənməsi istiqamətində cox ciddi addımlar atdığını, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçiridiyini bildirib. Professor o dövrdə universitetin yaradılması ideyasının meydana cıxmasını şərtləndirən amillərı açıqlayaraq, xalqın inkişafını düşünən qabaqcıl ziyalıların ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri xidmətlərdən bəhs edib.