“Xalq, insanlar bizi təkrar istəməlidir” - Bitərəf deputatların növbədənkənar seçkilərlə bağlı MÖVQEYİ
Milli Məclis özünü buraxmağa hazırlaşır. Parlamentin bugünkü iclasının gündəliyinə bir məsələ daxildir: Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi... Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub. "AzerTaym.az" bildirir ki,modern.az Milli Məclisin bitərəf üzvlərindən bəzilərinin məsələyə münasibətini öyrənib. Deputat Rasim Musabəyov tam götür-qoy edəndən sonra namizədliyini irəli sürmək haqqında qərar verəcəyini bildirib: “Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Sadəcə olaraq, Məclisin buraxılması onsuz da payızda baş verəcəkdi, bu prosesin yarım il qabağa keçirilməsi gərək izah olunardı. Demək ki, parlament ya indiki islahatları ləngidir, ya da mürtəcedir. Seçkilərin tezləşdirilməsində geopolitik amillər də ola bilər ki, məsələn, yayda-yazda bölgədə vəziyyətin gərginləşməsindən ehtiyalanırlar. Bir çox ölkələrdə, Böyük Britaniya, İsraildə seçkilərin vaxtını qabağa çəkməklə müəyyən uduş əldə etmək istəkləri olur və tamamilə normal qəbul edilir.Yəni bu məsələyə hər hansı damğa vurmaq olmaz, məncə ədalətli qərardır. Milli Məclis rəsmi şəkildə buraxıldıqdan və seçkilər elan olunduqdan sonra bilinəcək ki, kimlər gedir seçkilərə. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”. Deputat Jalə Əliyeva namizdəliyin irəli sürülməsinin arzudan doğan bir məsələ olmadığını bildirib: “Ölkədə aparılan bütün islahatların, atılan addımların Azərbaycanın inkişafına xidmət etdiyi düşüncəsindəyəm. Son illərdə bütün sahələrdə həyata keçirilən fəaliyyətin bəhrəsini, uğurlu nəticəsini görürük. Bütün bu islahatlar qaçılmaz idi və ölkənin inkişafına istiqamətlənmişdi. Təbii olaraq Azərbaycan parlamenti də bu islahatlardan, inkişafdan geri qala bilməzdi.Yenilənmiş parlament, yeni düşüncə tərzi əlbəttə ki, ölkəmizin qanunvericliyinin daha da mükəmməlləşməsinə xidmət edəcək. Biz müstəqil deputatlar olaraq bu addımın atılmasını tamamilə dəstəkləyirik. Qərarın yeni ab-hava yeni nailiyyətlərin qazanılmasına da gətirib çıxaracaq deyə, düşünürəm. Namizədliyi irəli sürmək arzudan doğan bir məsələ deyil. Xalq, insanlar bizi təkrar istəməlidir. Əgər seçicilərim məni millət vəkili olaraq görərsə, sözsüz ki, namizədliyimi irəli sürəcəm”. Deputat Madər Musayev seçkilərin bir neçə ay əvvələ çəkilməsinin inkişafdan xəbər verdiyini bildirib: “Hələ ki, Milli Məclisin buraxılması haqqında qərar rəsmi şəkildə təsdiqlənməyib, lakin istənilən halda bunun mənfi tərəflərinin olacağını zənn etmirəm. Yenidən namizədliyimi vermək haqqında düşünməmişəm, lakin qərar öz təsdiqini tapdıqdan sonra bu barədə fikirləşəcəm”.
68 nəfər YAP-çı deputatın təşəbbüsünə daha sonra müstəqil deputatlar da dəstək verib.
Maraqlıdır, bitərəf deputatlar növbədənkənar seçkilərdə öz namizədliyini irəli sürəcəklər?