"KORRUPSİYA ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi MƏMURLARIN YUXUSUNU QAÇIRACAQ"
“Prezident İlham Əliyev Milli Məclisə təqdimat göndərərək, baş prokuror vəzifəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin olunmasına razılıq verilməsini istəyib. Milli Məclis prezidentin bu istəyini ən qısa zamanda təmin edəcək və Kamran Əliyev baş prokuror təyin olunacaq”. "AzerTaym.az" bildirir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. “Kamran Əliyevin baş prokuror vəzifəsinə təyin olunması o anlama gəlir ki, korrupsioner məmurların həbsi artacaq” Politoloqun sözlərinə görə, uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş bir şəxsin baş prokuror vəzifəsinə təyin olunması o anlama gəlir ki, korrupsioner məmurların həbsi artacaq: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı təqdimatın Milli Məclisə göndərildiyi gün Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, onun müavinləri, Xanlar Bayram oğlu Məmmədov, Elsevər Cəmil oğlu Həsənov və Ləman Cəbrayıl qızı Yüzbaşovanı həbs etməsi də iqtidarın korrupsiyaya qarşı mübarizə görüntüsünü dərinləşdirməyə çalışdığından xəbər verir. Bununla cəmiyyətdə hər ötən gün güclənən ədalət istəyi təmin etməyə çalışılacaq”. Xaqani Cəfərli hesab edir ki, korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq: “Artıq hər bir nazir, komitə sədri, ASC rəhbəri, icra başçısı başı üzərində “demokl qılıncı”nı hiss edəcək. Yaxın zamanlarda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da Mahir Quliyevin taleyini yaşasa, buna təəccüblənməyəcəm”. (Hurriyyet.org)