Əlildən rüşvət alan vəzifəli şəxs həbs edildi
Baş prokurorluq daha bir vəzifəli şəxs korrupsiya faktına görə həbs edilməsi ilə bağlı məlumat yayıb. Bu barədə Azertaym.az-a Baş Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2 000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.