Moskvadakı bazarda daha bir atışma
Rusiya paytaxtında azərbaycanlılar arasında daha bir silahlı insident baş verib. Hadisə bazar günü “Mojayskiy val” küçəsində yerləşən bazarda qeydə alınıb.
Bazarın içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan 43 yaşlı azərbaycanlı qətlə yetirilib. Onun təcili tibbi yardım maşınında dünyasını dəyişdiyi bildirilib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, keçən həftənin şənbə günü də Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Ortadnoe rayonunda baş verən hadisə zamanı bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.
Bu əsnada Rusiya paytaxtında azərbaycanlılar və Şimali qafqazlılar arasında baş verən atışmanın detalları məlum olub. Dava nəticəsində azərbaycanlı Şirin Hümbətov öldürülüb, onun bacısı oğlu Polad ayağından, digər azərbaycanlı 48 yaşlı Şahin Nağıyev isə sinəsindən güllə yarası alıb.
Şirin Hümbətov Dekabrsitov küçəsində yerləşən restoranın həyətində Şimali Qafqazdan olan bir şəxslə mübahisə edib.
Onlara yaxınlaşan Şahin Əliyev bir az yavaş danışmalarını xahiş edib. Bundan sonra isə atəş səsləri eşidilib. Başında iki güllə yarası alan Şirin Hümbətov hadisə yerində ölüb.
Azərbaycanlılara atəş açan isə hadisə yerindən qaçıb. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.