Rusiyadan gəlmiş iş adamına 7 dəfə atəş açdılar

Müşfiq Xəlilov güllələrdən yayına bilib
Rusiyadan gəlmiş iş adamına 7 dəfə atəş açdılar

Noyabrın 22-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı insident baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Şərifzadə küçəsi 31/48 ünvanının qarşısında, bina 92A, mənzil 32 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Xəlilov Müşfiq Atabala oğluna naməlum şəxslər atəş açıb.
Məlumata görə, saat 00:30 radələrində naməlum şəxs və ya şəxslər M.Xəlilova yaxınlaşıb və həmin vaxt 7 dəfə atəş açılıb. Lakin M.Xəlilov atəşdən yayınmağı bacarıb.
Hücuma məruz qalmış M.Xəlilov Sabirabad rayonunda anadan olub. O, xeyli müddət əvvəl qardaşları ilə birgə Rusiya Federasiyasına gedib və qonşu ölkədə biznes fəaliyyətinə başlayıb. M.Xəlilov və yaxınları RF-nin Penza şəhərində yaşayıblar. Lakin bir müddət əvvəl onun qardaşları RF-nin Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilinərək həbs olunublar. 40 yaşlı M.Xəlilov isə Bakıya gəlib.
Hazırda hüquq-mühafizə orqanları baş vermiş silahlı insidentin M.Xəlilovun biznes fəaliyyəti və ya qardaşlarının törətdiyi əməllə bağlı olub-olmamasını araşdırır.
Qeyd edək ki, bu gecə silahlı insident baş vermiş ərazidən 7 ədəd tapança gülləsinin gilizi və bir ədəd güllə aşkar edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.






Fikirlər